...

“Şimal-Cənub” dəhlizinin genişləndirilməsi regionun inkişafına müsbət təsir göstərəcək – İranlı millət vəkili (ÖZƏL)

Siyasət Materials 26 Fevral 2025 08:00 (UTC +04:00)
“Şimal-Cənub” dəhlizinin genişləndirilməsi regionun inkişafına müsbət təsir göstərəcək – İranlı millət vəkili  (ÖZƏL)
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

“Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin genişləndirilməsi regionun inkişafına müsbət təsir göstərəcək.

Bu sözləri Trend-ə müsahibəsində İran-Azərbaycan Parlament Dostluq Qrupunun rəhbəri Südeyf Bədri deyib.

“Bu layihənin ən vacib elementi Rəşt-Astara dəmiryolu xəttinin tikintisidir. Bu xəttin tikintisində Rusiya ilə əməkdaşlıq diqqət mərkəzində qalmaqdadır və bu istiqamətdə işlər ən yaxın zamanda başlayacaq”, - deyə o bildirib.

İran parlamentinin nümayəndəsi qeyd edib ki, Rəşt-Astara dəmiryolu xəttinin inşasının başa çatmasından sonra mallar İranın Astara şəhərindən Bəndər Abbas limanına məhz dəmiryolu xətti ilə çatdırılacaq.

Bədri, həmçinin, regionun tarixən Böyük İpək Yolunun bir hissəsi olduğunu və hazırda müasir texnologiyalardan istifadə etməklə, o cümlədən, dəmiryollarının tikintisi ilə bu marşrutun bərpa edilməkdə olduğunu vurğulayıb.

Xatırladaq ki, 12 sentyabr 2000-ci ildə Rusiya, İran və Hindistan arasında imzalanmış hökumətlərarası saziş Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması üçün əsas olub. Saziş sonradan bir sıra ölkələr, o cümlədən, Azərbaycan, Belarus, Bolqarıstan, Hindistan, İran, Qazaxıstan, Qırğızıstan, Oman, Rusiya, Tacikistan, Türkiyə və Ukrayna tərəfindən ratifikasiya olunub. Dəhlizin məqsədi Hindistandan Rusiyaya və ardınca Şimali və Qərbi Avropaya malların daşınma müddətlərini əhəmiyyətli dərəcədə (hazırda 6 həftədən çox, “Şimal-Cənub” marşrutu ilə isə 3 həftəyə qədər) qısaltmaqdır.

Qəzvin-Rəşt dəmiryolu (175 km uzunluğunda) 6 mart 2019-cu ildə istismara verilib və dəhliz çərçivəsində Azərbaycanın dəmir yollarını İranın şəbəkəsi ilə birləşdirib. Rəşt-Astara dəmir yolu isə İran ərazisində inşa ediləcək.

17 may 2023-cü il tarixində İranın şimalında, Gilan vilayətində Rəşt-Astara dəmir yolunun tikintisinə dair müqavilə imzalanıb. Təxminən 163 km uzunluğunda olan xətt doqquz stansiyanı əhatə edəcək. Bu dəmiryolunun inşası başa çatdıqdan sonra "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi təkmilləşdiriləcək və İranın dəmir yolu şəbəkəsi Qafqaz, Rusiya və Şimali Avropa ölkələri ilə inteqrasiya olunacaq. Müqaviləyə əsasən, Rusiya tərəfi dəmir yolunun tikintisinə 1,6 milyard avro sərmayə yatıracaq və layihə 48 ay ərzində tamamlanacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti