Bakı. Trend:
İqlim dəyişikliyi ekzistensial problemdir və diqqət mərkəzində olan Azərbaycan onun həllində mühüm rol oynayır.
Trend xəbər verir ki, bunu “ExxonMobil”in keçmiş vitse-prezidenti və İnsan alverinə qarşı qlobal kampaniyanın rəhbəri Cin Baderşnayder 12-ci Bakı Qlobal Forumuna həsr olunmuş mətbuat konfransında bildirib.
“Dünya dayanmadan dəyişir. Bu gün biz qətiyyətli addımlar tələb edən qlobal çağırışlarla, o cümlədən, iqlim dəyişikliyi ilə üz-üzə qalmışıq. Ötən il Azərbaycan COP29 çərçivəsində öz üzərinə ambisiyalı öhdəlik götürməklə və mürəkkəb müzakirələrdə iştirak etməklə dünya arenasındakı aktiv mövqeyini nümayiş etdirdi.
İndi isə bizim vəzifəmiz Azərbaycanın sədrliyi dövründə yaradılmış güclü platformanı daha da möhkəmləndirmək üçün COP29-dan COP30-a gedən yolu müəyyən etməkdən ibarətdir", - o qeyd edib.
Cin Baderşnayder bildirib ki, son illər Avropaya dəstək üçün istifadə olunan resurslar, həmçinin, bərpa olunan enerji mənbələri üzrə potensialı Azərbaycanın qlobal enerji mərkəzinə çevrilməsi imkanını yaradır.