Bakı. Trend:
Bu gün dünya nizamı heç vaxt olmadığı qədər təhlükəli meyillər üzərində qurulur və yeni nizamın formalaşması üçün beynəlxaq platformalarda diskusiyaların, fikir mübadilələrinin aparılmasına çox ehtiyac var.
Trend xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov parlamentin bu gün keçirilən plenar iclasında çıxışında bildirib.
Millət vəkili bildirib ki, dünyada sülh, əməkdaşlıq, qarşılıqlı hörmət və fayda əsasında münasibətlərin möhkəmləndirilməsindən danışan ölkələrin sayı kifayət qədər azalıb:
“Qərbin ikili standartlar siyasəti müxtəlif regionlarda siyasi və iqtisadi gərginliklərin artmasına gətirib çıxarır. Bu dəyişkən dünyada Azərbaycan və Türkiyə ulduz kimi parlayır və dünya nizamının təhlükələrdən qorunması istiqamətində diskusiyaları aparan platformalara ev sahibliyi edir.
Aprelin 9-da ADA Universitetinin təşkilatçılığı ilə təşkil edilən “Yeni dünya nizamına doğru” mövzusunda keçirilən beynəlxalq forumda Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər nəinki regionumuz, həm də qlobal dünya üçün böyük əhəmiyyət daşıyır. Forumda iştirak edən beynəlxalq beyin mərkəzlərini təmsil edən 80 iştirakçını düşündürən siyasi, iqtisadi, humanitar məsələlər ətrafında ölkə başçımızın səsləndirdiyi fikirlər dünya səviyyəli bir liderin Cənubi Qafqazdan dünyanı necə görmək istədiyinin göstəricisidir. Ölkəmizin təşəbbüs göstərdiyi beynəlxalq tranzit nəqliyyat logistika dəhlizləri bu gün qlobal əhəmiyyət daşıyan yaşıl enerji dəhlizləri ilə möhkəmlənərək Asiya ilə Avropanın enerji və nəqliyyat xəritəsini kökündən dəyişir. Bu, iqtisadiyyat üzərində diplomatiyanın və siyasi mövqelərin möhkəmlənməsi deməkdir.
Deputat vurğulayıb ki, aprelin 11-13-də Antalyada keçirilən IV Diplomatik Forum da eyni məzmunlu məsələlərin müzakirəsi üçün yeni imkanlar yaradır.
“Bu foruma dövlət başçımızın dəvət olunması və iştirakı təkcə ölkələrimiz arası strateji münasibətlərin inkişafı baxımından deyil, həm də Azərbaycanın beynəlxalq mövqelərinin güclənməsi və sülh təşəbbüslərinin beynəlxalq auditoriyada gündəmə gətirilməsi baxımından əhəmiyyətli olacaq. Bakıda keçirilmiş beynəlxalq forumda “Yeni dünya nizamına doğru” mövzu ətrafında müzakirələr təşkil olunmuşdusa, Antalyada isə “Parçalanmış dünyada diplomatiyanı bərpa etmək” mövzusu ətrafında qlobal çağırışların müzakirəsi aparılacaq. Bu, ilk növbədə Azərbaycanla Türkiyənin diplomatiya, sülh və əməkdaşlıq üzərində qurulmuş eyni məqsəd ətrafında birləşdiyinin göstəricisidir. Təbii ki, burda iki qardaş ölkənin dövlət başçıları, Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğanın qlobal liderliyinin dünya nizamına verdiyi töhfələr xüsusilə vurğulanmalıdır”, - deyə A.Badamov fikrini tamamlayıb.