Bakı. Trend:
ABŞ administrasiyası tərəfindən Beynəlxalq İnkişaf Agentliyinin (USAID) fəaliyyətinin dayandırılması tamamilə doğru qərardır. Əslində, təşkilatın fəaliyyətinin dayandırılması ilə bağlı proses fevraldan başlamışdı. İyulun əvvəlində isə proses məntiqi sonluğuna çatdı.
Bu fikirləri Trend-ə açıqlamasında Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib.
Deputat bildirib ki, ABŞ hökumətinin siyasətinə uyğun gələn və ölkənin maraqlarını təşviq edən xarici yardım proqramları bundan sonra Dövlət Departamenti tərəfindən idarə olunacaq:
“Tramp administrasiyasının USAID-i ləğvi etməsinə səbəb qurumun xərclərinin çox yüksək olmasına rəğmən, faydasının çox az olmasıdır. Hələ martda USAID tərəfindən idarə olunan layihələrin 80%-i ləğv edilib. Qurumun 6 200 layihəsindən yalnız minə yaxınının Dövlət Departamentinin nəzarəti altında davam edəcəyi qərara alınıb”.
Millət vəkilinin sözlərinə görə, USAID ABŞ Mərkəzi Kəşfiyyat qurumunun alt qolu kimi yaradılıb və yardım adı altında ayrı-ayrı ölkələrin daxili işlərinə aktiv şəkildə müdaxilə etmək, qeyri-sabitlik, çevriliş və xaos üçün münbit şərait yaratmağa çalışıb:
“Sözügedən qurumun vaxtilə respublikamızda müxtəlif adlar altında fəaliyyət göstərən təşkilatları maliyyələşdirməklə onların vasitəsilə Azərbaycan əleyhinə qeyri-qanuni aksiyaların permanentliyini təmin etməyə çalışdığına dair təkzibolunmaz faktlar var. Bununla yanaşı, USAID bu fəaliyyətini pərdələmək üçün regionlarda müxtəlif layihələr həyata keçirirdi.
USAID-in Azərbaycandakı fəaliyyətindəki qeyri-şəffaflıq, qapalılıq və siyasi proseslərə müdaxilə ilə yanaşı, mənfi amillərdən biri agentliyin “erməni kartı”ndan istifadəsi ilə bağlıdır. Bu məsələdə qurumun direktoru Samanta Pauer aktiv rol oynayırdı. Ötən ilin sentyabrında təşkilat Ermənistana maliyyə yardımının həcmini iki dəfədən çox artıracağını elan etmişdi”.
S.Fətəliyeva xatırladıb ki, təşkilat rəsmən ləğv olunmamışdan əvvəl onun ölkəmizdə fəaliyyəti dayandırılmışdı.
Milli Məclisin deputatı Könül Nurullayeva isə Trend-ə açıqlamasında deyib ki, USAID-in beynəlxalq yardım təşkilatından daha çox cinayətkar fəaliyyətlə məşğul olduğu üzə çıxıb:
“ABŞ prezidenti Donald Tramp USAİD-i ölkə büdcəsindən əsassız olaraq böyük məbləğdə pul “yeyən” struktur hesab edir. O, açıq şəkildə bəyan edib ki, atdığı addımlar USAİD-də korrupsiyanın indiyə kimi görünməyən miqyas alması ilə əlaqədardır. Təkcə 2023-cü ildə ABŞ beynəlxalq yardıma 68 milyard dollar xərcləyib. USAID-in büdcəsi isə 40 milyard dollar təşkil edir ki, bu da ABŞ-nin illik hökumət xərclərinin təxminən 0,6%-i deməkdir.
Millət vəkili bildkirib ki, USAID müxtəlif ölkələrdə, o cümlədən, Cənubi Qafqazda xaos, vətəndaş qarşıdurması mexanizminin icraçısı olub:
“Bu təşkilat 707 media, 6 200 jurnalist və jurnalistika sahəsində çalışan 279 QHT maliyyələşdirib. Bu maliyyələşmə isə müstəqil siyasət yeridən dövlətlərə qarşı qarayaxma kampaniyalarına yönəldilib. Azərbaycanda 2012-ci ildə “Eurovision” mahnı müsabiqəsi, 2015-ci ildə keçirilən ilk Avropa oyunları da daxil olmaqla, həmçinin, 44 günlük Vətən müharibəsi vaxtı, Laçın yolunda ekoloqların aksiyaları, COP29 dövründə beynəlxalq mediada ölkəmizə qarşı aparılan aparılan çirkin kampaniyanın da arxasında elə USAID dayanırdı”.
Deputat vurğulayıb ki, USAID-in düzgün icra olunmayan və ya gözlənilən nəticəni verməyən müqavilələrinin ləğvindən əldə edilən qənaət 110 milyon dollara çatıb.
“Faktlar onu deməyə əsas verir ki, USAID fəaliyyəti dövründə heç vaxt ikitərəfli humanitar əməkdaşlığın inkişafının təşviqi ilə bağlı bəyan edilmiş məqsədlərə cavab verməyib. Təşkilat ölkələr daxilində xaos yaradan media orqanları və QHT-lərin əsas sponsoru olub.
Bu cinayətkar təşkilat Əfqanıstanda narkotik istehsalına, eyni zamanda, “Əl-Qaidə” təşkilatına dəstək verməkdə də ittiham olunur. Bu qurumun fəaliyyətinin dayandırılması iğtişaşlar yaratmaq, sabitliyi pozmaq cəhdlərinin qarşısının alınması deməkdir”, - deyə K.Nurullayeva fikrini tamamlayıb.