Bakı. Trend:
İran Azərbaycan və Ermənistan arasında istənilən sülhü müsbət qarşılayır.
Trend-in məlumatına görə, bunu İran xarici işlər naziri Seyid Abbas Araqçi bu gün Tehranda jurnalistlərə verdiyi açıqlamada deyib.
Onun sözlərinə görə, İran region ölkələrinin öz suverenliyini qorumasının tərəfdarıdır və bütün ölkələrin ərazi bütövlüyünü dəstəkləyir. Azərbaycan və Ermənistanın birgə bəyanatında da bu məsələyə diqqət yetirilib.
Araqçi qeyd edib ki, İran həm Yerevan, həm də Bakı ilə müntəzəm dialoq aparır. "Ermənistanın xarici işlər naziri sabah mənə zəng edəcək. Baş nazir Paşinyan da Tehrana səfər edəcək və çərşənbə axşamı Ermənistan xarici işlər nazirinin müavininin Tehrana səfəri planlaşdırılır. Biz hər iki tərəflə daimi məsləhətləşmələr aparırıq", - deyə o bildirib.
O, İranın regional siyasətinin suverenlik və ərazi bütövlüyünə hörmət üzərində qurulduğunu vurğulayıb. "Biz istəyirik ki, regiondakı bütün dövlətlər öz əraziləri üzərində suverenliyini tam qoruyub saxlasınlar və biz regiondakı bütün ölkələrin ərazi bütövlüyünü dəstəkləyirik. Biz beynəlxalq sərhədləri də qoruyuruq", - deyə nazir vurğulayıb.
Onun sözlərinə görə, Ermənistan və Azərbaycanın birgə bəyanatında İranın mövqeyinə uyğun gələn üç prinsip öz əksini tapıb: suverenliyə hörmət, ərazi bütövlüyünə hörmət və sərhəd dəyişikliyinə qarşı çıxmaq.
O, həmçinin bəyan edib ki, dəhliz məsələsi artıq müzakirə olunmur və tərəflər Ermənistanın suverenliyi və yurisdiksiyası altında tranzit yolun tikintisi ilə bağlı razılığa gəliblər. Layihəni Ermənistanda qeydiyyatdan keçən və Ermənistan qanunvericiliyinə uyğun fəaliyyət göstərən şirkət həyata keçirəcək.
Nazir İranın konstruktiv fəaliyyətə sadiqliyini bir daha vurğulayıb. “Biz hadisələri diqqətlə izləyirik və regionda sülhün və sabitliyin qorunması üçün bütün tərəflərlə məsləhətləşmələri davam etdirəcəyik", - deyə o bildirib.