Bakı.Trend:
Bakıda Şimali Kipr Türk Respublikasının müstəqilliyinin 42-ci ildönümü qeyd olunub.
Trend xəbər verir ki, mərasimdə Milli Məclis üzvləri, diplomatik korpusun nümayəndələri, ictimai-siyasi xadimlər və media təmsilçiləri iştirak ediblər.
Tədbir Gürcüstan ərazisində qəzaya uğrayan Türkiyəyə məxsus “C-130” tipli hərbi yük təyyarəsində həlak olan türk hərbçilərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Ardınca Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib.
Daha sonra Şimali Kipr Türk Respublikasının Bakıdakı nümayəndəliyinin rəhbəri Ufuk Turganer və deputat Cavanşir Feyziyev çıxış ediblər.
Nitqlərdə Azərbaycan ilə Şimali Kipr Türk Respublikası arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı, həyata keçirilən birgə layihələr və gələcək əməkdaşlıq imkanları barədə danışılıb.
Cavanşir Feyziyev və Ufuk Turganer iki qardaş ölkə arasında əlaqələrin gələcəkdə daha da möhkəmlənəcəyinə inamlarını ifadə ediblər.
