...

Xəyanətkar əməllər layiqli hüquqi qiymətini alacaq

Siyasət Materials 4 Dekabr 2025 14:23 (UTC +04:00)
Xəyanətkar əməllər layiqli hüquqi qiymətini alacaq

Bakı. Trend:

AXCP adlanan qurumun rəhbəri Əli Kərimlinin Dövlət Təhlükəsizlik Xidməti tərəfindən saxlanılması və məhkəmə tərəfindən barəsində həbs qətimkan tədbirinin seçilməsi nəzərləri yenidən onun antimilli əməllərinə yönəltdi. Eyni zamanda, aparılan araşdırmalar çərçivəsində onunla Ramiz Mehdiyevin dövlətimizə qarşı xəyanətkar əlaqələrinin aşkara çıxarılması cəmiyyətimiz tərəfindən qəzəblə qarşılanmaqdadır.

Siyasətdə müxalifətçilik siyasi düşüncə tərzini nümayiş etdirən fəaliyyətin göstəricisidir. Bütün demokratik dövlətlərdə siyasi idarəçiliyin xarakterindən asılı olmayaraq, iqtidar-müxalifət münasibətləri mövcuddur. Çünki müxalifətin mövcudluğu demokratik sistemin əsas elementlərindən biridir. Azərbaycan da demokratiya yolu ilə inkişaf edir. Respublikamızda fəaliyyət göstərən çoxsaylı müxalifət partiyaları ölkənin siyasi həyatında iştirak edir, o cümlədən Milli Məclisdə, bələdiyyələrdə təmsil olunurlar.

Müxalifətçilik sivil formada, dövlətin qanunları çərçivəsində həyata keçirilməlidir. Sivil müxalifətçilik həm də siyasi mədəniyyətin göstəricisidir. Müxalifət partyaları da dövlətin milli maraq və mənafeləri hər şeydən üstün tutmalı, öz proqramları və düşüncələri ilə ölkə qarşısında duran vəzifələrin daha sürətlə gerçəkləşməsinə xidmət etməlidirlər. Lakin bu deyilənlər Əli Kərimlinin rəhbərlik etdiyi AXCP adlanan marginal qruplaşma üçün tamamilə yad anlayışlardır. Çünki onların fəaliyyəti hər zaman sivil müxalfətçilikdən tamamilə uzaq olub. Amma yalnız uzaq olmayıb, həm də bu qruplaşmanın əməlləri dövlətə və xalqa qarşı yönəlib. Əli Kərimli və ətrafındakılar hər zaman düşmən dəyirmanına su töküblər, dövlətimizin uğurlarına qara yaxmağa çalışıblar.

Məlum olduğu kimi, Azərbaycanın yüksəlişi, regionda lider dövlətə çevrilməsi, qlobal enerji təhlükəsizliyi məsələlərində söz sahibi kimi çıxış etməsi Qərbdə mənzillənən və dünya erməniliyinin əsas elementi olan antiazərbaycançı şəbəkə tərəfindən daim narahatlıq və qısqanclıqla qarşılanıb. Ona görə hər zaman ölkəmizin uğurlarına kölgə salmağa çalışıblar, bu məqsədlə respublikamıza qarşı çirkin kampaniyalar həyata keçiriblər. Zaman-zaman xarici KİV-də Azərbaycanı hədəfə alan məqalələrin dərc olunması, insan hüquqları təşkilatları tərəfindən qərəzli hesabatların hazırlanması məhz antiazərbaycançı şəbəkənin sifarişləri əsasında həyata keçirilib. Onların Azərbaycanda əməkdaşlıq etdikləri isə Əli Kərimlinin rəhbərlik etdiyi AXCP, o cümlədən Cəmil Həsənlinin rəhbərliyi ilə Milli Şura adlanan marginal qruplaşma olub. Həm AXCP, həm Milli Şura tapşırıqları birbaşa xarici dövlətlərdən alıblar, onların ölkəmizdəki beşinci kolonu rolunu oynayıblar və son günlərdə Əli Kərimlinin ətrafında aparılan istintaq tədbirləri də bunu təsdiq edir.

Yaxşı xatirimizdədir, Vətən müharibəsi zamanı respublikamızdakı siyasi partiyalar həmrəylik nümayiş etdirəndə Əli Kərimlinin rəhbərlik etdiyi qruplaşma bundan uzaq oldu, xalqımızın haqq mübarizəsinə qoşulmadı. Sosial şəbəkələrdə etdiyi çıxışlarla Əli Kərimli Zəfərimizə kölgə salmağa çalışdı. Çünki bu, onun antiazərbaycançı dairələrdən aldığı göstəriş idi.

Azərbaycan xalqının Əli Kərimli, Cəmil Həsənli, o cümlədən İstanbulda saxlanılan Gültəkin Hacıbəyli kimilərinin təmsil olunduğu bu qaragüruhçu qruplaşmaya nifrətinin kökündə dayanan çoxsaylı səbəblərdən biri bu adamların dövlətə və xalqa xəyanət yolunu tutmalarıdır. Bu günlərdə Əli Kərimli ilə bağlı həyata keçirilən tədbirlər çərçivəsində onunla Ramiz Mehdiyev arasında əməkdaşlığa dair dəlillərin aşkarlanması bir daha göstərir ki, xəyanətkar şəbəkənin əməlləri hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönəlib.

Azərbaycan dövləti və hüquq-mühafizə orqanları hər zaman ayıqdır, dövlətçiliyimizin dayaqları möhkəmdir. Heç kim, heç bir qüvvə dövlətimizə və onun konstitusiya quruluşuna təhdid yarada bilməz. Buna cəhd edənlər, hakimiyyəti zorla ələ keçirməyə, dövlətimizin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlərə yol verənlər isə qanun qarşısında layiqli cəzalarını alacaqlar.

Xanlar Fətiyev,

Milli Məclisin deputatı

Məqalədə:
Xəbər lenti

Xəbər lenti