...

Uğurlu dövlət siyasəti dünya azərbaycanlılarının milli həmrəyliyini daha da gücləndirib

Siyasət Materials 31 Dekabr 2025 08:55 (UTC +04:00)
Uğurlu dövlət siyasəti dünya azərbaycanlılarının milli həmrəyliyini daha da gücləndirib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür. Xalqımızın Ulu Öndəri Heydər Əliyevin təşəbbüsü ilə 1991-ci ildə 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan edilməsi ən yeni tariximizin mühüm siyasi hadisələrindən biridir. Artıq 34 ildir ki, bu milli bayram günü bütün xalqımız, dünyanın harasında yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı tərəfindən böyük coşqu ilə qarşılanır.

Azərbaycanlılar obyektiv və subyektiv səbəblərdən doğma yurddan uzaq düşsələr də, heç vaxt öz milli kimliklərini və dəyərlərini itirməyiblər, yaşadıqları bütün dövlətlərdə xalqımızın adını hər zaman uca tutublar. Eyni zamanda, hələ sovet imperiyasının sərhədləri bağlı saxladığı dövrdə dünyanın müxtəlif yerlərində yaşayan azərbaycanlılar daim milli həmrəylik nümayiş etdiriblər. Bu məqsədlə müxtəlif cəmiyyətlər, dərnəklər yaradaraq, təşkilatlanıblar və ana vətənlə əlaqələr qurmağa çalışıblar.

Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən sonra yaranan reallıqlar şəraitində dünya azərbaycanlılarının milli həmrəyliyinin gücləndirilməsi yeni tarixi çağırış olaraq meydana çıxıb və bu milli vəzifənin siyasi-ideoloji müəllifi xalqımızın Ulu Öndəri Heydər Əliyev olub. 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Heydər Əliyevin sədrliyi ilə keçən iclasında 31 dekabrın dünya azərbaycanlılarının həmrəylik bayramı kimi qeyd olunması barədə qərar qəbul edilib. Ali Məclis bununla bağlı qanunvericilik aktının qəbul olunması üçün ölkə parlamentinə - Ali Sovetə müraciət ünvanlayıb. Dekabrın 25-də Azərbaycan Ali Sovetinin Milli Şurası müraciəti nəzərə alaraq, dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan olunması barədə qanun qəbul edib.

Beləliklə, dünya azərbaycanlılarının həmrəyliyi, onların təşkilatlanması prosesini hələ Naxçıvandakı siyasi fəaliyyəti zamanı xüsusi diqqət mərkəzində saxlayan Ulu Öndər Heydər Əliyev həmrəylik gününü təsis etməklə xalqın birləşməsinə və ideoloji həmrəyliyinə müvəffəq oldu. Qədim və zəngin tarixə malik olan xalqımızın dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirən, onu müstəqil dövlətçilik uğrunda müqəddəs və məsuliyyətli mübarizəyə səfərbər edən həmrəylik günü hər bir azərbaycanlı üçün inam və ümid anıdır. Həmrəylik günü həm də Azərbaycana məhəbbət, milli-mənəvi dəyərlərimizə hörmət, Vətənə bağlılıq hisslərini özündə təcəssüm etdirir.

Ulu Öndər Heydər Əliyev 1993-cü ildə xalqımızın istək və arzusu siyasi hakimiyyətə qayıdışı həm də xalqımızın həmrəyliyinin təntənəsi oldu. Heydər Əliyevin başlatdığı yeni siyasi kursun nəticəsi kimi azərbaycançılıq anlayışı milli təfəkkür tərzinə çevrildi. O cümlədən Azərbaycan dünyanın ayrı-ayrı ölkələrində məskunlaşmış soydaşlarımız üçün iftixar, mənəvi dayaq və güvənc yeri oldu. Heydər Əliyev eyni zamanda dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılarla aparılan işin gücləndirilməsinə də xüsusi diqqət yetirirdi. Ulu Öndər xarici ölkələrə etdiyi səfərlər zamanı Azərbaycan diasporunun nümayəndələri ilə görüşlər keçirər, onların problem və qayğıları ilə yaxından maraqlanar, daha sıx təşkilatlanmalarına dair dəyərli tövsiyələr verirdi.

2001-ci il noyabrın 9-10-da Bakıda keçirilən dünya azərbaycanlılarının birinci qurultayı müxtəlif ölkələrdəki azərbaycanlı icmalarının mütəşəkkilliyinin və fəallığının artmasına, onların ana vətənlə əlaqələrinin gücləndirilməsinə böyük təsir göstərdi. Qurultaydan sonra Ümummilli Lider Heydər Əliyevin 2002-ci il 5 iyul tarixli Fərmanı ilə xaricdəki soydaşlarımızla əlaqələrin genişləndirilməsi və inkişaf etdirilməsi məqsədilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması, həmin ilin dekabrında “Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında” Qanunun qəbul edilməsi dünya azərbaycanlılarının milli birliyi və təşkilatlanması prosesini daha da gücləndirdi.

Xarici ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələrin genişləndirilməsini dövlət siyasətinin mühüm istiqamətinə çevirən cənab Prezident İlham Əliyev bu sahədə Heydər Əliyev tərəfindən müəyyən edilən siyasi kursu uğurla davam etdirərək, mövcud sosial-iqtisadi inkişaf şəraitində dövrlə səsləşən genişmiqyaslı tədbirlər həyata keçirir.

Prezident İlham Əliyevin sərəncamları ilə 2006, 2011 və 2016-cı illərdə Dünya Azərbaycanlılarının II, III və IV qurultaylarının keçirilməsi diaspor quruculuğu işinə və milli həmrəyliyimizin möhkəmlənməsinə yeni təkan verdi. Bu dövrdə xaricdə yaşayan azərbaycanlıların təşkilatlanması, doğma Vətənimizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, milli-mənəvi dəyərlərimizin qorunması, həmvətənlərimizin hüquq və azadlıqlarının müdafiəsi, mədəni irsimizin təbliği sahəsində mühüm işlər görülüb.

Habelə cənab Prezident İlham Əliyevin 2008-ci il 19 noyabr tarixli sərəncamı ilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin əsasında Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılıb. Aparılan məqsədyönlü işlər nəticəsində bu gün 51 ölkəni əhatə edən və 561 diaspor təşkilatını özündə birləşdirən 15 Koordinasiya Şurası (Alyansı), 20 ölkədə 31 Azərbaycan Evi fəaliyyət göstərir. Azərbaycanın xarici ölkələrdə yeni icma və birliklərinin təsis edilməsi çağdaş diaspor quruculuğu işinin uğuru kimi qiymətləndirilə bilər.

Prezident İlham Əliyev xaricdə yaşayan hər bir azərbaycanlının maraq və mənafeyinin qorunmasını Azərbaycan dövlətinin başlıca vəzifəsi hesab edir. Təsadüfi deyil ki, xaricdə dara düşən hər bir azərbaycanlı ən böyük dayağı kimi Prezident İlham Əliyevi və Azərbaycan dövlətini görür. Cənab Prezidentin bu istiqamətdə ortaya qoyduğu siyasi iradə ölkəmizin hüdudlarından kənarda yaşayan soydaşlarımızda milli ruhun yüksəlməsinə, onların vahid ideologiya və məqsədlər ətrafında daha sıx səfərbər olmalarına böyük töhfə verir.

5 il əvvəl Vətən müharibəsindəki qələbə həm də dünya azərbaycanlılarının həmrəyliyinin daha da güclənməsi baxımından böyük hadisə oldu. Məlum olduğu kimi Vətən müharibəsi günlərində Azərbaycan vətəndaşları Müzəffər Ali Baş Komandanın ətrafında sıx səfərbərlik nümayiş etdirdilər. Bu savaşda xalqımız milli və siyasi həmrəylik nümunəsi ortaya qoydu. Eyni zamanda müharibə günlərində xarici ölkələrdə yaşayan bütün soydaşlarımızın qəlbi Vətənlə döyündü. Onlar bu savaşda Azərbaycanın ədalətli mövqeyinin dünya birliyinə çatdırılması, erməni yalanlarının qarşısının alınması üçün əzmkarlıq göstərdilər, genişmiqyaslı tədbirlər həyata keçirdilər.

“Müqəddəs Vətən müharibəsi zamanı xaricdə yaşayan soydaşlarımızın düşmənin və anti-Azərbaycan dairələrin məkrli təxribatlarına qarşı cəsarətli etirazları, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində fədakar xidmətləri Qələbəmizə layiqli töhfə olmuşdur” - deyə İlham Əliyev bildirib.

2022-ci ildə keçirilən Dünya Azərbaycanlılarının V Qurultayı tarixə həm də Zəfər Qurultayı kimi düşdü. Çünki bu qurultay ilk dəfə olaraq işğaldan azad olunmuş Qarabağ torpaqlarında - Şuşa şəhərində keçirildi. Bu baxımdan Dünya Azərbaycanlılarının V Qurultayının ruhu və məzmunu da fərqli idi. Əvvəlki qurultaylarda torpaqlarımızın işğaldan mütləq azad olunacağını bəyan edən Prezident İlham Əliyev bu dəfə dünya azərbaycanlılarını Müzəffər Ali Baş Komandan kimi salamladı.

Bütövlükdə, uğurlu dövlət siyasəti dünya azərbaycanlılarının milli həmrəyliyini daha da gücləndirib. Torpaqlarımızın işğaldan azad olunması isə bütün dünya azərbaycanlılarının qürur mənbəyinə çevrilməklə, millihəmrəyliyimizə böyük töhfələr verdi. Qalib xalqın nümayəndəsi olmaq dünyanın harasında yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı üçün böyük fəxarətdir.

Xanlar Fətiyev,

Milli Məclisin deputatı

Məqalədə:
Xəbər lenti

Xəbər lenti