Bakı. Trend:
Müasir dünyamız rəqəmsallaşma və cəmiyyət həyatının müxtəlif sahələrində süni intellekt imkanlarından fəal şəkildə istifadə dövrü kimi xarakterizə olunur. Təsadüfi deyil ki, bu gün dövlətlərin inkişaf göstəriciləri müxtəlif siyasi və sosial-iqtisadi çağırışlarla yanaşı, elmdə, təhsildə, idarəetmədə, iqtisadiyyatda, vətəndaşlara göstərilən xidmətlərdə və digər sahələrdə rəqəmsal həllərin tətbiq səviyyəsi ilə müəyyən edilir.
Respublikamızda da inkişafa dair qarşıya qoyulmuş vəzifələrin realizə edilməsində çağdaş çağırışlar və tendensiyalar nəzərə alınır. Bu baxımdan Prezident İlham Əliyevin sədrliyi ilə “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunan müşavirənin keçirilməsi göstərir ki, rəqəmsal transformasiyanın sürətləndirilməsi, rəqəmsal infrastrukturun, süni intellekt üzrə informasiya texnologiyalarının və onların idarə edilməsi mexanizmlərinin inkişafı və təkmilləşdirilməsi, bu sahədə ixtisaslı kadr potensialının gücləndirilməsi qarşıdakı dövrdə respublikamızda prioritet vəzifələrdən biri olacaq.
Prezident İlham Əliyevin müşavirədə qeyd etdiyi kimi, süni intellektin tətbiqi, data mərkəzlərinin yaradılması, rəqəmsallaşma ilə bağlı islahatlar faktiki olaraq ölkələrin gələcək inkişafını müəyyən edir. Təcrübə də göstərir ki, rəqəmsallaşma və süni intellekt sistemləri müxtəlif sahələrdə cəmiyyət həyatına üstünlüklər qazandırır. Buna görə də bir sıra dövlətlər süni intellektlə bağlı ayrıca strategiyalar qəbul ediblər. Prezident İlham Əliyevin 19 mart 2025-ci il tarixli sərəncamı ilə “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası”nın təsdiq olunması bir daha sübut edir ki, respublikamız bu sahədə qlobal trendlərlə ayaqlaşır, zamanında onlara adekvat qərarlar qəbul edir.
Lakin onu da qeyd etməliyik ki, süni intellektin tətbiqi və rəqəmsal transformasiya ölkəmiz üçün yenilik deyil. Azərbaycanda bu istiqamətdə bir sıra uğurlu işlər görülüb və müşavirədə onlar barədə ətraflı bəhs olundu. Bu sahədə başlıca addımlardan biri təkmil hüquqi bazanın formalaşdırılmasıdır. Belə ki, “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası”nın təsdiqlənməsindən sonra təxminən 200-dən çox normativ-hüquqi aktda düzəlişlər olunub və yeniləri qəbul edilib. Müvafiq texnoloji mexanizmlərin yaradılmasına gəldikdə, “Onlayn Azərbaycan” layihəsi uğurla başa çatdırılıb və bu gün ölkəmizdə internetin orta sürəti 90 meqabit/saniyədir. İlin sonuna qədər bu rəqəmin 200 meqabit/saniyəyə çatdırılması planlaşdırılır. Bu gün Azərbaycanın bütün ərazilərində genişzolaqlı internet xidmətləri təqdim olunur. Bunlarla yanaşı, respublikamızın data mərkəzi - “hökumət buludu” tam şəkildə qurulub, “mygov” platforması istifadəçilərin xidmətinə təqdim olunub. “SİMA” Biometrik İmzanın tətbiqi də ölkəmizdə rəqəmsal transformasiyanın uğurlu göstəricilərindən biridir. “SİMA”nın təqdim edilməsi ilə dövlət xidmətlərinin həyata keçirilməsinin, o cümlədən, vətəndaşlarla bank xidmətlərinin göstərilməsinin olduqca asanlaşması, daha çevik və operativ məzmun alması vətəndaşlar tərəfindən böyük razılıq və rəğbətlə qarşılanır. Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa və quruculuq işlərində ən müasir texnoloji imkanlardan geniş istifadə olunması, «ağıllı şəhər» və «ağıllı kənd» konseptlərinin tətbiq edilməsi, rəqəmsal idarəetmənin həyata keçirilməsi respublikamızın sürətli rəqəmsal transformasiyasından xəbər verir. Göründüyü kimi rəqəmsal transformasiya bir çox sahələrdə respublikamızın inkişafının əsas prinsiplərindən biri kimi çıxış edir. Bütün bunlar həm də ölkədə rəqəmsal transformasiyanın institusional və texnoloji bazasının yaradılması deməkdir.
Lakin rəqəmsal transformasiyanın özü də sürətli bir prosesdir. Artıq elə bir dövrə qədəm qoymuşuq ki, vaxtilə hər birimizə xəyal kimi görünən texnoloji inkişafın şahidiyik. Bütün bunlar respublikamızda da rəqəmsal transformasiya və süni intellekt həllərinin tətbiqi istiqamətində yeni yanaşmaların ortaya qoyulmasını, mövcud fəaliyyət mexanizmlərinin müasir tələblərə uyğunlaşdırılmasını zəruri edir. “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planının hazırlanması da bu zərurətdən irəli gəlir.
Prezident İlham Əliyev müşavirədə bununla bağlı konkret vəzifələr də müəyyən etdi, tapşırıqlarını verdi. Dövlət başçısının tapşırıqlarından biri rəqəmsal transformasiyanın sürətləndirilməsi, süni intellekt həllərinin dövlət müəssisələrində geniş tətbiqi üçün dövlət qurumları arasında çox sıx koordinasiyanın aparılması ilə bağlı oldu. Belə ki, dövlət qurumları arasında sıx təmaslar olmalı, pərakəndəliyə yol verilməməlidir. Hər bir dövlət qurumunda rəqəmsal transformasiyanın sürətləndirilməsi prioritet sayılmalı, işlərin daha səmərəli təşkili üçün ilk növbədə, nazirliklərdə müavinlərdən biri rəqəmsallaşma, süni intellekt, kibertəhlükəsizlik üzrə fəaliyyət göstərməlidir.
Prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifələrdən biri də dövlət xidmətlərinin vahid mərkəzdən həyata keçirilməsi ilə bağlı oldu. Məlumdur ki, son illər ərzində müxtəlif dövlət qurumları tərəfindən xidmətlərlə bağlı platformalar və tətbiqlər istifadəyə verilib. Lakin dövlət xidmətlərinin koordinasiyalı şəklində aparılması üçün yaradılan bu platforma və tətbiqlər tədricən ləğv edilməli, bütün xidmətlər “mygov” platforması üzərindən təqdim olunmalıdır.
Müşavirədə qarşıya qoyulan vəzifələrdən biri də kibertəhlükəsizliklə bağlı oldu. Prezident İlham Əliyev bu sahəyə ciddi diqqət göstərilməsini vacibliyini xüsusi qeyd edərək dedi:
“Kibertəhlükəsizlik üzrə əsas hədəflər müəyyən edilməlidir. Bu sahə də kritik sahələrdən biridir. Biz keçən il çox mütəşəkkil və aqressiv kiberhücuma məruz qalmışıq. Biz onun mənbəyini də bilirik və lazımi tədbirlər də görülmüşdür ki, özümüzü bu ciddi problemlərdən qoruya bilək. Ona görə bu sahəyə ciddi diqqət göstərilməlidir”.
Geniş anlayış olan kibertəhlükəsizlik özündə bir sıra elementləri birləşdirir ki, onlardan da biri informasiya təhlükəsizliyidir. Məlumdur ki, antiazərbaycançı ünsürlər, o cümlədən Qərb ölkələrində mənzillənmiş erməni lobbisi tərəfindən respublikamıza qarşı qarayaxma kampaniyası əsasən informasiya məkanında aparılır. Bunun ən çirkin nümunələrindən biri 44 günlük Vətən müharibəsi zamanı özünü göstərmişdi. Belə ki, müharibə günlərində ölkəmizə qarşı kiberməkanda genişmiqyaslı məkrli informasiya müharibəsi aparılır, xaricdən idarə olunan sosial şəbəkələrdə riyakarcasına böhtanlar və saxta məlumatlar dövriyyəyə buraxılırdı. Lakin həmin vaxt Azərbaycan dövləti hərb meydanında olduğu kimi informasiya cəbhəsində də qalib gəldi. Prezident İlham Əliyev xarici KİV-ə verdiyi müsahibələrlə antimilli ünsürlərin informasiya məkanındakı şər və böhtan kampaniyalarını darmadağın etdi.
Respublikamıza qarşı kiberməkanda hibrid müharibənin müxtəlif elementləri indi də görünməkdədir. Antiterror əməliyyatları zamanı Qarabağda erməni separatizminin məhv edilməsi, ərazi bütövlüyümüzün bərpa olunması, respublikamızın regional və qlobal mövqelərini möhkəmləndirməsi, bir sözlə, Prezident İlham Əliyevin respublikamıza qazandırdığı hər bir uğur antimilli ünsürləri narahat etməkdədir. Adını müxalifətçi qoyan bu xəyanətkar qruplaşma xüsusən sosial şəbəkə platformalarında dövlətimizin milli maraqlarına ləkə vurmağa cəhdlər göstərir. Lakin Azərbaycan dövlətinin uğurları və prinsipial siyasəti onların yalan və saxta məlumatlarını elə informasiya məkanında da iflasa uğradır. Eyni zamanda, ölkəmizdə kiberməkanda milli maraqların qorunması, informasiya təhlükəsizliyi sahəsində əsas vəzifələrin yerinə yetirilməsi istiqamətində məqsədyönlü işlər aparılır. Qarşıdakı dövrdə də rəqəmsal transformasiya müstəvisində respublikamızın informasiya təhlükəsizliyinin qorunması əsas vəzifələrdən biri olacaq.
Azərbaycanın uğurları göstərir ki, müasir çağırışlar respublikamızda sürətlə həyata vəsiqə alır. Ölkəmizin enerji təhlükəsizliyi ilə bağlı qlobal müzakirələrdə söz sahibi kimi çıxış etməsi, nəqliyyat dəhlizləri ilə bağlı beynəlxalq rəqabətdə üstünlüklər əldə etməsi, habelə kosmik kluba daxil olması bunun bariz təzahürləridir. Bu gün həm də rəqəmsallaşma və süni intellekt həllərinin tətbiqi ölkələrin davamlı inkişafının əsas şərti və təməl prinsiplərindən biri kimi çıxış edir. Bu reallığı vaxtında və düzgün dəyərləndirən dövlətlər dayanıqlı inkişafı təmin edə biləcəklər.
Prezident İlham Əliyevin sədrliyi ilə “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunan müşavirə göstərdi ki, rəqəmsal transformasiya ilə bağlı çağırışlar respublikamızda zamanında və düzgün dəyərləndirilir. Bu istiqamətdə qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi Azərbaycanın modern dövlət kimi yüksəlişinə layiqli töhfələr verəcək. Mühüm məqamlardan biri də budur ki, rəqəmsal transformasiya ilə bağlı qarşıda duran vəzifələrin yerinə yetirilməsi üçün əsas tələblər kimi özünü göstərən makroiqtisadi və siyasi sabitlik respublikamızda tam bərqərar edilib. O cümlədən, qərarvermədə dövlətimizin çevik olması Azərbaycanda sürətli rəqəmsal transformasiyanın əsas amili kimi özünü göstərir.
Xanlar Fətiyev,
Milli Məclisin deputatı