Sentyabrın 29-da Avropa Şurasının İşgəncələr Əleyhinə Azərbaycan Komitəsinin sədri Elçin Behbudov Şüvəlandakı 3 saylı İstintaq Təcridxanasında saxlanılan bir neçə dustaqla görüşüb. Bu barədə Trend ə məlumat verən hüquq müdafiəçisi bildirib ki, görüşə səbəb dustaqların Komitəyə ünvanladıqları şikayət məktubları olub.
Həmin dustaqlar ibtidai istintaq orqanları tərəfindən təzyiqlərə məruz qaldıqları barədə gileylərini bildiriblər.
E.Behbudov: "Dustaqlardan Qurbanov Elşən Gündüz oğlu şikayətləndi ki, Əzizbəyov rayon Polis İdarəsinin Narkotiklərlə mübarizə şöbəsinin Ruslan adlı rəisi onun cibinə narkotik maddə ataraq həbs edib. 10 illik həbs cəzasına məhkum edilmiş Ələkbərova Mehriban İsmayıl qızı isə barəsində ədalətsiz hökm çıxarıldığını iddia söylədi. Şikayətçi dustaqlardan biri də 11 saylı Cəzaçəkmə Müəssisəsində bunt zamanı müəssisənin damına qalxdığına görə təkrar təcridxanaya köçürülüb. O bildirdi ki, buntçulara qoşulmasının səbəbi müəssisə rəisinin dustaqlara qarşı sərt münasibətinə etiraz etmək olub.
Ancaq onu obşak ideyasında olmaqda günahlandırırlar".
Hüquq müdafiəçisinin sözlərinə görə, görüşdüyü digər iki dustaqsa Adil Şamilov və Ruslan Bessonovdur. Adil Şamilov adam oğurluğunda, Ruslan Bessonovsa qəsdən adam öldürməkdə təqsirləndirilir.
Lakin onların heç biri həmin cinayətlərdə özünü təqsirli bilmir. "Hər ikisi bildirdilər ki, bü cinayətləri ibtidai istintaq vaxtı işgəncə yolu ilə onların boynuna qoyublar" - deyə E.Behbudov söyləyib.
Hüquq müdafiəçisi sonda qeyd edib ki, topladığı şikayətləri sentyabrın 30-da həm Azərbaycanın Daxili İşlər nazirinə, həm də Baş prokurora təqdim edəcək.