...

"Bizim Azərbaycan" bloku iki yerə parçalanıb

Siyasət Materials 1 Dekabr 2005 14:18 (UTC +04:00)

"Müsavat Partiyasının sədri İsa Qəmbər "Bizim Azərbaycan" blokunun lideridir". Bu barədə Trend ə dekabrın 1-də Müsavatın qərargahında adıçəkilən blokun toplantısında iştirak edən Əmək Partiyasının sədri Arzuman Həsənov bildirib.

Qeyd edək ki, Müsavatın qərargahında keçirilən toplantıda "Bizim Azərbaycan" blokundan yalnız İsa Qəmbərin siyasətini dəstəkləyən partiyalar iştirak edib. İsa Qəmbərin sədrliyini qəbul etməyən partiyalar isə blokun toplantısını noyabrın 30-da Türk Millətçi Partiyasının qərargahında keçiriblər.

A.Həsənov bildirib ki, "Bizim Azərbaycan" bloku yalnız İsa Qəmbərin ətrafında olan partiyalardan ibarətdir: "Biz noyabrın 30-da keçirilən toplantını legitim hesab etmirik".

Partiya sədri onu da qeyd edib ki, dekabrın 1-də keçirilən toplantıda 12 partiya iştirak edib. Bir sıra məsələlərin müzakirə olunduğunu bildirən A.Həsənov belə görüşlərin mütəmadi olaraq Müsavatın qərargahında keçiriləcəyini qeyd edib.

Onu da bildirək ki, Müsavat Partiyasının mətbuat xidmətinə "Bizim Azərbaycan" blokunun İsa Qəmbərin yanında keçirilən toplantı ilə bağlı mətbuata heç bir məlumatın verilməməsi tapşırılıb.

Adıçəkilən blokun digər təmsilçisi Türk Millətçi Partiyasının sədri Vüqar Bəyturan isə Trend ə bildirib ki, hadisələrin bu istiqamətdə cərəyan etməsi blokun iki yerə parçalanmasına işarədir.

Xəbər lenti

Xəbər lenti