"Azərbaycançı Qüvvələr Bloku (AQB) dekabrın 15-ə təyin etdiyi toplantısını blokun şura üzvü Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) həmsədri Araz Əlizadənin Bakıda olmaması üzündən keçirə bilməyib". Bu barədə Trend ə AQB-yə daxil olan İslam Partiyası sədrinin birinci müavini Rövşən Əhmədli bildirib.
R.Əhmədli qeyd edib ki, blokun toplantısının dekabrın 20-dək keçiriləcəyi nəzərdə tutulub. Qeyd edək ki, toplantıda adıçəkilən blokun gələcək fəaliyyət prinsipləri müəyyənləşdiriləcək.
R.Əhmədli onu da vurğulayıb ki, blokda təmsil olunmaq üçün onlara bir neçə partiya da müraciət edib: "Seçkidən öncə Birlik Partiyası blokun Şura üzvlüyünə qəbul edilib. Toplantıda müraciət edənlərin məsələsinə baxılacaq".
ASDP-nin AQB üzvü olmaqla yanaşı eyni zamanda fəaliyyətini "Yeni Siyasət" seçki blokunda davam etdirməsini R.Əhmədli belə izah edib: "YES" seçkilərlə bağlı yaradlıan blok olduğu üçün onların fəaliyyətlərinin nə vaxtsa yekunlaşacığ məlumdur. Ancaq AQB seçki bloku deyil. Ümid edirik ki, Araz bəy gələcək fəaliyyətini bizim blokda davam etdirəcək".