...

Eldar Namazov: "Yeni Siyasət" bloku AMİP-in qurultaylarından hüquqi baxımdan legitim olan tərəfi tanıyacaq

Siyasət Materials 23 Yanvar 2006 13:02 (UTC +04:00)

"Yeni Siyasət" bloku ikiyə bölünmüş Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) qurultaylarında hüquqi baxımdan kvorum olan tərəfi tanıyacaq. Bu barədə Trend ə "Yeni Siyasət" blokunun həmtəsisçisi Eldar Namazov məlumat verib.

O bildirib ki, blokun Koordinasiya Şurası AMİP daxilində baş verən proseslərə qarışmayacaq. Amma blok Etibar Məmmədovun və Əli Əliyevin rəhbərliyi ilə ayrı-ayrılıqda keçirilmiş iki qurultayın nəticələri ilə bağlı öz mövqeyini aydınlaşdıracaq: "AMİP-lə bağlı məsələyə kiməsə simpatiya və ya antipatiya bəsləmək baxımından yanaşmaq düzgün olmaz. Burada sırf hüquqi yanaşma lazımdır. Bir-birindən ayrı keçirilən iki qurultaydan hansında partiya üzvlərinin yetərsayı olubsa, hüquqi baxımdan hansı qurultay legitim sayılırsa, "Yeni Siyasət" bloku da həmin tərəfi AMİP kimi tanıyacaq", - deyə Eldar Namazov vurğulayıb.

Eldar Namazov qeyd edib ki, yanvar ayının sonunda "Yeni Siyasət" blokunun Koordinasiya Şurasının iclası keçiriləcək və sözügedən məsələ həmin toplantıda müzakirəyə çıxarılacaq. Koordinasiya Şurasında qurum üzvlərinin səs çoxluğu ilə AMİP-lə bağlı müvafiq qərar çıxarılacaq.

Xəbər lenti

Xəbər lenti