...

YAP BMT, ATƏT, Avropa Şurası və Avropa Şurası Parlament Assambleyasının rəhbərlərinə müraciət ünvanlayıb

Siyasət Materials 21 Fevral 2006 14:40 (UTC +04:00)

Yeni Azərbaycan Partiyası (YAP) BMT-nin baş katibi Kofi Annan, ATƏT-in sədri Karel De Quxt, Avropa Şurasının baş katibi Terri Devis və Avropa Şurası Parlament Assambleyasının sədri Rene Van Der Lindenə məktub ünvanlayıb. Bu barədə Trend ə YAP-ın mətbuat xidmətindən bildiriblər.

Məktubda Xocalı soyqırımının ümumbəşəri faciə-genosid kimi qiymətləndirilməsi, bu hadisənin əsl mahiyyətinin dünya ictimaiyyətinə çatdırılması və günahkarların cəzalandırılmasına köməklik göstərilməsi xahiş edilib. Məktubda qeyd olunub ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri Xankəndində yerləşən keçmiş Sovet İttifaqına məxsus 366 -cı alayın köməkliyi ilə Xocalı şəhərinə hücum edərək dinc əhaliyə amansız divan tutub. Yerlə yeksan edilən Xocalıda 613 nəfər qətlə yetirilib, qətlə yetirilənlərin 106 nəfəri qadın, 83 nəfəri isə azyaşlı uşaq olub. 56 nəfər xüsusi amansızlıqla qətlə yetirilib. Qanlı faciə nəticəsində 1000-dən çox şəhər sakini yaralanıb, 1275 nəfər girov götürülüb. Onların 700-ü hələ erməni əsirliyindədir.

Nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərinə ünvanlanan müraciətdə daha sonra bildirilib ki, beynəlxalq qurumlar və dünya ictimaiyyəti terrorçuluğu və millətçilik ideologiyasını dövlət siyasəti səviyyəsinə qaldırmış təcavüzkar Ermənistanı dayandırmalı və bu gün də davam edən erməni işğalına son qoymalıdır.

Qeyd edək ki, YAP fevralın 25-də Xocalı qurbanlarının xatirəsinə ucaldılan abidəni ziyarət etdikdən sonra R.Beyhbudov adına Mahnı Teatrında anma mərasimi keçirəcək. Tədbirdə iştirak etmək üçün Azərbaycana akkreditasiya olunan bütün beynəlxalq təşkilatların nümayəndəliklərinə və xarici ölkələrin səfirlərinə dəvətlər göndərilib.

Xəbər lenti

Xəbər lenti