...

Azərbaycanın fövqəladə hallar naziri Türkiyədə işgüzar səfərdə olub

Siyasət Materials 13 Mart 2006 15:41 (UTC +04:00)

Martın 7-dən 10-dək Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov Türkiyədə işgüzar səfərdə olub. Trend in xəbərinə görə, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Səfərin ilk günü Türkiyə Cümhuriyyəti Baş Nazirliyi nəzdində Acil Durum Yönətimi Genel müdiri Həsən İpəklə görüşən Kəmaləddin Heydərov iki ölkə arasında əlaqələrin yüksək səviyyədə olduğunu, bu əlaqələrin təmsil etdikləri qurumlar arasında da genişlənəcəyinə əminliyini bildirib.

Görüş zamanı Həsən İpək rəhbərlik etdiyi təşkilatın fəaliyyəti, kadr potensialı, ölkə daxilində və xaricində baş verən təbii fəlakətlər, fövqəladə vəziyyətlərdə zərər çəkmiş bölgələrə yardım göstərilməsi ilə bağlı görülən işlərdan danışıb. Yeni formalaşan Azərbaycan Fövqəladə Hallar Nazirliyinə onun strukturunun formalaşmasında hər cür kömək etməyə hazır olduqlarını bildirib.

Kəmaləddin Heydərov səfər çərçivəsində həmçinin Türkiyənin Milli Təhlükəsizlik Qurumunun Baş Katibliyini ziyarət edib. Nazir dost ölkə xilasedicilərinin işləri barədə məlumatlandırılıb.

Sonra Milli Müdafiə Qərargahında olan nazir fövqəladə vəziyyətlərdə, təbii fəlakətlər zamanı Türkiyə xilasedicilərinin praktik işini izləyib, texniki avadanlıq və vasitələrə baxıb. Həmçinin Türkiyənin Bayındırlıq Nazirliyi Təbii Fəlakətlər Baş İdarəsində olan fövqəladə hallar naziri bu qrumun fəaliyyəti və iş prosesi ilə yaxından maraqlanıb.

K.Heydərov səfər çərçivəsində Ankarada Azərbaycan səfirliyinin əməkdaşları ilə də görüşüb.

Xəbər lenti

Xəbər lenti