...

Qərbi azərbaycanlıların doğma yurdlarına qaytarılması və Ermənistanda onlara muxtariyyət verilməsi məqsədilə təşəbbüs qrupu yaradılıb

Siyasət Materials 18 Aprel 2006 12:58 (UTC +04:00)

Azərbaycan Yolu Siyasi Hərəkat Ermənistandan qovulan Qərbi azərbaycanlıların yurdlarına qayıtması və onların yaşadığı kompakt ərazidə muxtariyyət verilməsi məqsədi ilə təşəbbüs qrupu yaradıb. Trend xəbər verir ki, təşəbbüs qrupunun yaradılması və qarşıda duran vəzifələrlə bağlı aprelin 18-də adıçəkilən hərəkat mətbuat konfransı keçirib.

Konfransı açan Azərbaycan Yolu Siyasi Hərəkatın lideri İlqar Qasımov bildirib ki, 1948-53-cü illərdə və 1988-ci ildə Ermənistandan bir milyondan çox azərbaycanlı müxtəlif təzyiqlərə məruz qalaraq tarixi yurdlarından qovulublar: "Onları yurdlarına qaytarmaq məqsədilə aprelin 24-dən mayın 8-dək bütün dünyada kütləvi aksiyalar həyata keçirməyi planlaşdırmışıq. Bu tədbirlərdə dünya türkləri və yəhudi təşkilatları da dəstək olacaq. Artıq ilkin razılaşma əldə olunub".

İ.Qasımov onu da söyləyib ki, bu məsələ ilə bağlı imzatoplama kampaniyası da keçiriləcək. Kampaniya başa çatdıqdan sonra məsələ ilə bağlı bütün sənədlər hazırlanıb Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndələrinə təqdim ediləcək. Məqsəd bu məsələni AŞPA-da qaldırmaqdır.

Tədbirdə çıxış edən millət vəkili Fazil Qəzənfəroğlu və digərləri Ermənistandan deportasiya olunan azərbaycanlıların doğma yerlərinə qayıtmalarını günün tələbi kimi qiymətləndiriblər. F.Qəzənfəroğlu bildirib ki, bu məsələni Milli Məclisdə də gündəmə gətirəcək.

Onu da qeyd edək ki, Ermənistandan deportasiya olunan Qərbi azərbaycanlıların doğma yerlərinə qayıtması və onlara muxtariyyətin verilməsi ilə bağlı Azərbaycan Yolu Siyasi Hərəkatın hazırladığı müraciət dövlət başçısına, spiker və xarici işlər nazirinə ünvanlanıb.

Xəbər lenti

Xəbər lenti