"Namizədlərin plakatlarının cırılmasına görə hökuməti, yaxud seçki komissiyalarını günahlandırmaq düzgün deyil". Bu fikirləri Trend ə açıqlamasında deputatlığa namizəd, hüquqşünas Çingiz Qənizadə bildirib.
Hüquq müdafiəçisi Ç.Qənizadə qeyd edib ki, təkrar parlament seçkisində iştirak edən namizədlərin təbliğat kampaniyası dövründə onların təşviqat materiallarının yararsız hala salınması faktlarına rast gəlinir. Özünün də plakatlarının cırıldığını deyən Ç.Qənizadə bildirib ki, bəzən belə hallara görə hökumət və yerli icra orqanlarını, həmçinin dairə və mənqətə seçki komissiyalarını ittiham edirlər. Amma həmin orqanlara bu ittihamların yönəldilməsi doğru deyil: "Mənim fikrimcə, bir namizədin divarlara vurulan təbliğat materiallarının cırılmasını başqa bir namizədin adamları həyata keçirirlər. Bu da həmin rəqib namizədin zəifliyini, sağlam və ədalətli rəqabət apara bilməməsini göstərir".
Namizəd onu da deyib ki, hazırda seçkilərin təbliğat kampaniyası normal gedir və ciddi bir problemlə üzləşməyib.