...

Səlim Müslümov: "2006-cı il üçün Sosial Müdafiə Fondunun dürüstləşdirilmiş gəlirləri 589,5 milyon manat proqnozlaşdırılıb"

Siyasət Materials 26 May 2006 17:16 (UTC +04:00)

2006-cı il üçün Sosial Müdafiə Fondunun dürüstləşdirilmiş gəlirləri 589,5 milyon manat proqnozlaşdırılıb. Trend xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov Milli Məclisin mayın 26-da keçirilən növbəti iclasında "Dövlət Sosial Müdafiə Fondunun 2006-cı il büdcəsi haqqında" qanuna əlavə və dəyişikliklərin edilməsinin müzakirəsində bildirib.

S.Müslümov qeyd edib ki, Dövlət Sosial Müdafiə Fondunun 2006-cı il üçün dürüstləşdirilmiş büdcə layihəsi əhalinin pensiya təminatının 2006-cı ildən yeni əsaslarla təşkilini nəzərdə tutan sığorta pensiyası sisteminə uyğun tərtib olunub: "2006-cı il üçün Sosial Müdafiə Fondunun dürüstləşdirilmiş gəlirləri 589,5 milyon manat proqnozlaşdırılıb ki, bu da təsdiq olunmuş gəlirlər proqnozuna nisbətən 21,2 milyon manat çoxdur. Artımın əsas səbəbi dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışanların əmək haqqlarının artırılması, eləcə də fərdi uçot sisteminin tətbiqi ilə bağlı qeydiyyata düşən sığorta olunanlarının sayının çoxalması ilə bağlıdır".

S.Müslümov qeyd edib ki, məcburi dövlət sosial sığorta haqları hesabına daxil olmaların artımının 11,2 milyon manatı və ya 52,9 faizi büdcə sektorunun, 10 milyon manatı və ya 47,1 faizi qeyri büdcə sektorunun payına düşür. S.Müslümov onu da bildirib ki, Dövlət Sosial Müdafiə Fondunun 2006-cı il üçün dürüstləşdirilmiş büdcəsi xərclərinin artımının 85,4 faizini və ya 18,1 milyon manatını əhaliyə ödənişlər təşkil edir ki, bunun da 96,5 faizi əmək pensiyaları, 3,5 faizi isə müavinətlər üzrə ödəniş xərcləridir.

Xəbər lenti

Xəbər lenti