...

Polşanın XİN başçısı Azərbaycana səfər edəcək

Siyasət Materials 15 Avqust 2006 12:37 (UTC +04:00)
Polşanın XİN başçısı Azərbaycana səfər edəcək

Bu ilin payızında Polşanın xarici işlər naziri Anna Fotiqa (Ann Fotyga) və Polşa senatının marşalı Broneş Boreşevski Azərbaycana rəsmi səfər edəcəklər. Bu barədə Trend ə Azərbaycanın Polşadakı səfiri Vilayət Quliyev bildirib.

O həmçinin qeyd edib ki, Polşa prezidentinin Azərbaycana səfəri gündəlikdə qalmaqdadır, lakin tarix hələ müəyyən olunmayıb.

V.Quliyevin sözlərinə görə, sentyabr ayında Polşada Polşa-Azərbaycan hökümətlərarası komissiyasının iclasının keçirələcəyi gözlənilir. Görüşdə iqtisadiyyat məsələləri, eləcə də əmtəə dövriyyəsinin artırılmasının bütün mümkün üsulları müzakirə ediləcək.

Diplomat həmçinin əlavə edib ki, Azərbaycan və Polşa arasındakı iqtisadi əməkdaşlıq yüksək səviyyədə deyil. Azərbaycanın hesablamalarına görə, ölkələr arasında əmtəə dövriyyəsi 30 mln. dollar, Polşa tərəfinin məlumatına görə isə bu göstərici 55 mln. dollar təşkil edir. Rəqəmlərin fərqli olmasının səbəbi bəzən üçüncü ölkədən keçən məhsulun Azərbaycan və Polşa arasındakı əmtəə dövriyyəsinə aid edilməsidir.

V.Quliyev əlavə edib ki, Polşa Azərbaycanın neft və qazının alınmasında maraqlıdır, Azərbaycan isə, öz növbəsində, sənaye məhsulu və tibb avadanlığı idxal etmək istəyir.

Xəbər lenti

Xəbər lenti