...

Səfir: Avropa Birliyi Fransanın "erməni soyqırımı" haqqında qanunu qəbul etməsinə qarşıdır

Siyasət Materials 13 Oktyabr 2006 14:23 (UTC +04:00)
Səfir: Avropa Birliyi Fransanın "erməni soyqırımı" haqqında qanunu qəbul etməsinə qarşıdır

Fransanın Azərbaycandakı səfiri Bernar dü Şafo "erməni soyqırımı"nın inkar edilməsinə görə cinayət cəzasının nəzərdə tutulduğu qanun layihəsinin ölkənin Milli Assambleyası tərəfindən ilk oxunuşda qəbul olunması ilə əlaqədar təəssüf etdiyini bildirib. Trend xəbər verir ki, bu barədə səfir bugünkü mətbuat konfransında bildirib.

O qeyd edib ki, qanun layihəsinin müzakirə edilməsi Fransanın özündə də pislənib. Səfir əmindir ki, qanunun ilk oxunuşda qəbul olunması hələ onun tezliklə tətbiq olunacağından xəbər vermir. B.Şafo bildirib ki, bu, çoxmərhələli prosedurdur.

"Deputatlardan fərqli olaraq, senatorlar daha uzaqgörən hesab olunurlar. Lakin Senat da qanun layihəsini təsdiq etsə, onun tətbiq edilməsinə mane olmaq üçün bəzi üsullar var". Səfir bildirib ki, qanun 2007-ci ilin mart ayında keçiriləcək növbəti parlament seçkilərinə qədər qəti surətdə təsdiq olunmalıdır. Daha bir maneə ölkənin Konstitusiya Şurasının müdaxiləsi ola bilər. Şura fikir azadlığı hüququnun pozulması baxımından qanunun qəbul olunmasını doğru hesab etməyə bilər. Və nəhayət, ölkə prezidentinin veto hüququnun olmamasına baxmayaraq, o, qanunu təqdir etməyə bilər və qanunu Milli Assambleyanın təkrar müzakirəsinə göndərə bilər", - deyə fransız diplomat hesab edir.

B.Şafo inkar etmir ki, bu proseslərdə erməni seçicilərin də rolu az deyil. "Fransa ölkədəki erməni lobbisini dəstəkləmir. Lakin onlar çox fəaldırlar və Fransa parlamentinin deputatlarına təsir göstərmək imkanına malikdirlər", - deyə səfir etiraf edib. O hesab edir ki, Fransanın türk mənşəli vətəndaşları da Fransanın müxalifət sosialist partiyasının təklif etdiyi qanun layihəsinin bundan sonra təsdiq olunmasına mane olmaq üçün fəal olmalıdırlar.

Səfir əlavə edib ki, Avropa Birliyi həmin qanun layihəsinin qəbul olunmasına mane olmaq üçün Fransaya təzyiq göstərir.

Xəbər lenti

Xəbər lenti