Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) media orqanlarına təzyiqlərlə bağlı noyabrın 16-da saat 12.00-da Prezident Aparatı yaxınlığında etiraz aksiyası keçirməyə qərar verib. Bu barədə Trend ə AXCP-dən məlumat verilib.
Partiyadan bildirilib ki, noyabrın 16-da keçiriləcək piketlə bağlı bu gün - noyabrın 7-də Bakı Şəhər İcra Hakimiyyətinə məktubla müraciət olunacaq. Şəhər rəhbərliyi tərəfindən hansı cavabın verilməsindən asılı olmayaraq, partiya fəalları bu aksiyanı keçirməkdə israrlıdır.
AXCP-nin aksiyasına "Azadlıq" blokuna daxil olan digər partiyalar da dəstək verəcəklər. Xatırladaq ki, "Azadlıq" blokunda 4 müxalifət partiyası- Azərbaycan Xalq Cəbhəsi (AXCP), Liberal, Vətəndaş və İnkişaf (VİP), Azərbaycan Demokrat (ADP) partiyaları təmsil olunur.