...

Türkiyə Azərbaycan qazının qəbulu üçün qaz kəmərinin inşasını başa çatdırıb

Siyasət Materials 30 Noyabr 2006 14:00 (UTC +04:00)
Türkiyə Azərbaycan qazının qəbulu üçün qaz kəmərinin inşasını başa çatdırıb

Xəzərin Azərbaycan sektorundakı "Şahdəniz" qaz-kondensat yatağında 3-cü istismar quyusu 2007-ci ilin yanvarında istismara veriləcək. Bu barədə AB ilə Qara və Xəzər dənizləri ölkələri arasında enerji sahəsində əməkdaşlıq üzrə nazirlərin 2-ci konfransında Trend in Astanadakı xüsusi müxbirinə eksklüziv olaraq Azərbaycanın Sənaye və Energetika Nazirliyinin yanacaq-energetika əməliyyatları şöbəsinin müdiri İdris Rzabəyov məlumat verib.

Onun sözlərinə görə, noyabrın 10-da yataqdakı birinci quyudan qazın kommersiya hasilatına başlanıb. "İkinci quyu dekabrda, 3-cü quyu isə gələn ilin yanvarında işə salınacaq", - deyə o bildirib.

İ.Rzabəyov qeyd edib ki, 2006-cı ildə yataqdan qaz hasilatının həcmi planlaşdırıldığından az olacaq. Belə ki, hasilat nəzərdə tutulmuş vaxtdan gec başlayıb.

İ.Rzabəyovun sözlərinə görə, Türkiyə ərazisində qaz kəmərinin inşası başa çatıb.

"Hazırda kompressor stansiyalarında sazlama işləri gedir. Bu ilin sonunadək bütün işlər başa çatdırılacaq. Gələn ilin əvvəlindən isə Türkiyə qaz almağa başlayacaq", - deyə o bildirib.

Azərbaycan Türkiyə və Gürcüstana qazı Cənubi Qafqaz qaz kəməri ilə satacaq. Kəmər Gürcüstan-Türkiyə sərhədinədək çəkilib. BOTAS şirkəti Ərzurum məntəqəsindən Gürcüstan-Türkiyə sərhədinədək birləşdirici qaz kəmərini Türkiyənin öz vəsaiti hesabına inşa edir.

Xəbər lenti

Xəbər lenti