...

Avropa Şurası Venesiya Komissiyasının baş katibi "Azadlıq" blokunun liderlərinə məktub göndərib

Siyasət Materials 13 İyun 2007 19:50 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Avropa Şurası Venesiya Komissiyasının baş katibi Canni Bukikkio "Azadlıq" blokunun liderlərinə - Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimliyə, Milli Birlik Hərəkatının (MBH) lideri Lalə Şövkətə və Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyevə məktub göndərib. Bu barədə çərşənbə günü Bakıda AXCP mətbuat xidmətindən məlumat verilib.

Venesiya Komissiyasının sədri məktubda "Azadlıq" blokunun Seçki Məcəlləsinə əlavə və dəyişikliklərlə bağlı hazırladığı qanun layihəsi ilə tanış olduğunu bildirib.

Bukikkio bildirib ki, mayın ayının 7-də "Azadlıq" bloku tərəfindən Seçki Məcəlləsinə dəyişiklikləri nəzərdə tutulan məktubu alıblar: "Bu məktub artıq Venesiya Komissiyasının ekspertlərinə və ATƏT-dəki müttəfiqlərimizə çatdırılıb. Və mən əminəm ki, bu təkliflər gələcəkdə Seçki Məcəlləsinə dəyişikliklərlə bağlı keçiriləcək müzakirələrdə nəzərə alınacaq".

Venesiya Komissiyasının sədri bu il Seçki Məcəlləsi ilə bağlı müzakirələr aparılacağını deyib: "İmkandan istifadə edib onu da bildirirəm ki, Venesiya Komissiyası, ATƏT və İFES 2007-ci ilin payızının əvvəllərində Azərbaycanda Seçki Məcəlləsi ilə bağlı müxtəlif fikirli insanların müzakirələrini təşkil edəcək. Biz həqiqətən də ümid edirik ki, hakimiyyət nümayəndələri və müxtəlif siyasi qüvvələrin təmsilçiləri, o cümlədən ictimaiyyət nümayəndələri də Seçki Məcəlləsinə dəyişikliklərlə bağlı müzakirələrdə məhsuldar iştirak edəcəklər".

"Azadlıq" blokuna müxalifəti təmsil edən iki partiya - AXCP və VİP və bir hərəkat - Milli Birlik Hərəkatı daxildir.

Xəbər lenti

Xəbər lenti