...

Xarici işlər nazirinin müavini: "Azərbaycan Xəzərdə təhlükəsizliyin təmin olunmasında və əməkdaşlığın genişləndirilməsində maraqlıdır" (video)

Siyasət Materials 22 İyun 2007 19:34 (UTC +04:00)
Xarici işlər nazirinin müavini: "Azərbaycan Xəzərdə təhlükəsizliyin təmin olunmasında və əməkdaşlığın genişləndirilməsində maraqlıdır" (video)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/Azərbaycan Xəzər dənizində sabitliyin, sülhün və əməkdaşlığın inkişafına tərəfdardır. Bu barədə cümə günü Bakıda keçirdiyi mətbuat konfransında Azərbaycan prezidentinin Xəzər məsələləri üzrə xüsusi nümayəndəsi, xarici işlər nazirinin müavini Xələf Xələfov məlumat verib.

Onun sözlərinə görə, Xəzəryanı ölkələrin dövlət başçılarının sammitində müzakirə olunacaq bəyannamə layihəsində və konvensiya layihəsində təhlükəsizlik məsələlərinə həsr olunmuş müəyyən müddəalar mövcuddur.

Xüsusi nümayəndə qeyd edib ki, təhlükəsizlik məsələsi bütün Xəzəryanı ölkələrin yanaşmasında böyük əhəmiyyət kəsb edən fundamental məsələlərdən biridir: "Çünki Xəzərdə təhlükəsizliyin təmin olunması bilavasitə bütün bölgədə təhlükəsizliyin təmin olunması üçün çox böyük amildir. İkincisi, Xəzərdə təhlükəsizliyin təmin olunması dənizdə həyata keçirilən bütün fəaliyyətlərin uğurlu və davamlı olması üçün çox böyük faktordur. Ona görə də biz bu məsələyə xüsusi əhəmiyyət veririk və bu məsələlərin kompleks şəkildə həll olunmasının tərəfdarıyıq".

Nazir müavini qeyd edib ki, Xəzərdə təhlükəsizliyin təmin olunması üçün müxtəlif layihə və baxışlar var. Onun sözlərinə görə, bunlardan hansına üstünlük veriləcəyi gələcək danışıqların mövzusudur.

"Çalışacağıq ki, Konvensiya layihəsində bu məsələlərin ən azı ümumi prinsiplərini işləyib hazırlayaq. Çünki gələcəkdə bunun əsasında imzalanacaq sazişlər praktik surətdə Xəzər dənizində regional təhlükəsizliyin təmin olunmasını həyata keçirəcək".

O vurğulayıb ki, Azərbaycan Xəzərdə beynəlxalq əməkdaşlığı yaradan ilk ölkələrdən biridir və bu əməkdaşlığı qoruyub-saxlamaq və investisiya mühitini yaxşılaşdırmaq üçün ən vacib məsələlərdən biri təhlükəsizliyin təmin olunmasıdır: "Biz hesab edirik ki, bu məsələdə balanslaşdırılmış yanaşmalar əsas götürülməlidir və qarşılıqlı etimad tədbirləri o səviyyədə olmalıdır ki, bütün Xəzəryanı ölkələr bərabər təhlükəsizlik tədbirləri əldə etsinlər".

Xəbər lenti

Xəbər lenti