Azərbaycan, Gəncə / Trend , müxbir V.Məmmədov/ Gəncə şəhərində bu ilin yarımilliyində 212 cinayət hadisəsi baş verib, bunun da 93%-i açılıb. Ötən ilin müvafiq dövründə bu göstərici 89,3% təşkil edib. Bu barədə bazar ertəsi Gəncə şəhər Polis İdarəsinin şəxsi heyət üzrə köməkçisi Nofəl Hacıyev məlumat verib. Onun sözlərinə görə, bu il qeydə alınan 33 ağır cinayət hadisəsinin isə 27-si açılıb. Bu il həmçinin istintaqdan yayınan 180 nəfərdən 106-sı tutulub.
Hacıyev bildirib ki, hesabat dövründə ötən ilin müvafiq dövrü ilə müqayisədə dələduzluq halları iki dəfə azalıb, narkotik maddələrlə bağlı cinayətlər isə üç dəfə artıb. Bu il 40 bu cür cinayət hadisəsi baş verib ki, onun da 12-si narkotik maddələrin satışı ilə bağlıdır.
212 cinayət hadisəsinin 74-ü şəxsiyyət əleyhinə (qəsdən adamöldürmə, ağır zərbə endirmə, zorlama və adam oğurluğu), 82-si ictimai təhlükəsizlik və qayda əleyhinə (xuliqanlıq, ictimai asayişin pozulması) baş vermiş, 49-u maliyyə-iqtisadi xarakterli (mənimsəmə, rüşvətxorluq və s.) hadisələrdir.
Hacıyevin sözlərinə görə, hesabat dövründə şəhər əhalisindən qanunsuz saxlanılan üç avtomat, bir tapança, bir tüfəng, 14 qumbara və 2 min 758 ədəd güllə müsadirə edilib.
Gəncə paytaxt Bakıdan 365 kilometr qərbdə yerləşir.