...

Qaçırılmış övladlarının qaytarılması müqabilində İraq türkmanlarından 2 milyon dollar pul alınıb

Siyasət Materials 4 Sentyabr 2007 15:03 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.İlhamqızı/ İraqın türkmanlar yaşayan Kərkük vilayətinə 600 min kürd yerləşdirilib. Trend in məlumatına görə, bu barədə çərşənbə axşamı Bakıda keçirilən İraq türkmanlarının simpoziumunda İraq Türkmanları Cəbhəsinin təmsilçisi Hüseyn Kərim Bayoğlu məlumat verib.

Onun sözlərinə görə, Kərkükdə 20 dairə başqanından 19-u kürd, yalnız biri türkmandır: "Kərkük amerikalıların və kürdlərin işğalı altındadır. Əvvəllər Səddamın hakimiyyəti dövründə biz qardaş xalqlar kimi bərabər yaşayırdıq, amma indi Səddamın cildinə girərək bizə zülm edirlər. Türkmanların uşaqlarını qaçırır, əvəzində pul tələb edirlər. İndiyədək türkmanlardan övladlarının qaytarılması müqabilində 2 milyon dollar pul alınıb" - deyə İraq türkmanlarının təmsilçisi məlumat verib.

İraq Türkmanları Ədalət Partiyasının başqanı Ənvər Bayraqdar da qeyd edib ki,

insanların qaçırılması üzündən çoxlu sayda iş adamları Kərkükü tərk ediblər. Həmçinin elm adamları, ali məktəb müəllimləri başqa ölkələrə gediblər. Bayraqdarın sözlərinə görə, hazırda Kərkük üçün ən böyük təhlükə İraq Konstitusiyasının 140-cı maddəsində nəzərdə tutulmuş referendumla bağlıdır. Bu ilin sonunda keçiriləcək referendumla Kərkükün Kürdüstan adlanan bölgəyə, yaxud paytaxt Bağdada aid edilməsi müəyyənləşəcək. "Hökumətin və Amerikanın dəstəyi ilə Kərkükə çoxlu sayda kürdlər yerləşdirilib və bu da referendumun nəticəsinə təsir göstərəcək. Çünki Kərkükə yerləşdirilmiş kürdlərin səslərindən referendumda istifadə olunacaq. Bu referendum düzgün keçirilməyəcək və nəticəsi də həqiqi vəziyyəti, reallığı əks etdirməyəcək" - deyə İraq türkmanlarının digər nümayəndəsi bildirib.

Xəbər lenti

Xəbər lenti