Azərbaycan, Bakı / Trend ,müxbir E.Hüseynli/ Türkiyənin Samanyolu (STV) telekanalının tezliyi üzrə elan olunan müsabiqənin qalibinin "Xəzər" TV olmasının səbəbi həmin şirkətin maddi-texniki bazasının və peşəkar kadr potensialının daha güclü olması ilə bağlıdır. Trend in məlumatına görə, bu barədə cümə günü Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli açıqlama verib.
MTRŞ-nın bu il yanvarın əvvəlində çıxardığı qərara əsasən, Türkiyənin "STV" kanalının Azərbaycanın milli tezliyində yayımı iyulun 10-dan dayandırılmalı idi. Lakin "STV"nin yayımlandığı tezlik üzrə müsabiqə elan edildiyinə görə , STV yayımını bu günə qədər davam etdirib.
Elan olunmuş müsabiqədə üç iştirakçı olub - "Elm" LTD MMC, "Antenn" Müstəqil Teleradio kampaniyası və "Xəzər" TV.
Məhərrəmli bildirib ki, Teleradio Şurasının cümə günü keçirilən iclasında "Xəzər TV"-yə yayım üçün 6 illik lisenziya verilməsi qərara alınıb.
Onun sözələrinə görə, "Xəzər TV" artıq oktyabrın 1-dən yayıma başlayacaq. Həmin vaxta qədərsə, STV-nin yayımı davam etidiriləcək.
Məhərrəmli bildirib ki, müsabiqədə qalib gələn şirkətin bir nəfər təsisçisi var. O,
"İntellekt" Araşdırmalar Mərkəzinin, "Azadinform" İnformasiya Agentliyinin rəhbəri olmuş Asəf Hacıyevdir.
Məhərrəmlinin sözlərinə görə, onun telekanalı, əsasən, maarifçilik, təhsil, mədəniyyətlə bağlı verilişlərə üstünlük verəcək.
"Xəzər TV" 6 illik lisenziya üçün 11 min manat ödəməlidir.