...

Xalq artisti Yaşar Nuri: "Mən çalışıram ki, tələbələrə kitabdan dərs keçməyim"

Cəmiyyət Materials 28 Sentyabr 2007 18:23 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 sentyabr /müx. TrendLife Səbinə Haşımova/

TrendLife-da bu dəfəki qonağımız xalq artisti Yaşar Nuri oldu. Yaşar müəllim bu dəfə də suallarımızı yarıciddi, yarızarafat, ancaq olduqca səmimi şəkildə cavablandırdı:     - Yaşar müəllim, əvvəlcə istərdik gənclik illərinizə qısaca nəzər salaq...     - Elə indi də gəncəm, qocalmaq niyyətində deyiləm, (gülür). Tələbəlik illərindən başlamaq istərdim. Çünki gənclik illəri deyəndə tələbəlik dövrümü xatırlayıram. Normal həyat tərzim olub. Amma çox dəcəl olmuşam. Dərsdən də qaçırdım, kafi də, əla da alırdım. Amma təbii ki, bunların istedada aidiyyatı yoxdur.    - Sənətdə müəlliminiz kim olub?    - Mənə köməklik göstərən, sənətdə təkan verən hər kəsi özümə müəllim sayıram. Çünki mütləq deyil ki, müəllim sənə yalnız dərs deməlidir, yox, əgər onun tamaşalarını izləyirsənsə, ondan nə isə bir şey öyrənməyə çalışırsansa, o da sənin müəllimin sayılır. Mən İncəsənət İnstitutuna imtahan verəndə müəllimim Rza Təhmasib olub. Onu da qeyd edim ki, mən sənədlərimi rejissorluq fakültəsinə vermək istəyirdim. Amma Rza Təhmasib buna, sözün yaxşı mənasında, mane oldu və dedi ki, sən rejissor olsan, biz bir aktyoru itirə bilərik. Sonra mən kino-aktyor kimi təhsilimi davam etdirdim.    

- Bu gün incəsənət sahəsinə böyük axın var. Sizcə istedadlılar çoxdurmu?     - Bilirsiniz, baxır hansı sahəyə axın var. Məsələn, müğənniliyə, bəstəkarlığa, ümumiyyətlə, musiqiyə axın var, heyif ki, teatra axın azdır. Amma aktyor istəklə deyil, gərək anadan aktyor doğulasan, o sənin qanında, canında ola. Ümumilikdə götürəndə isə, istedadlılar var. Gərək sənəti davam etdirəsən, həvəsin ola ki, istedadını üzə çıxara biləsən, gərək hər şey ürəkdən gəlsin. Şəxsən mən nə ürəksiz dərs demişəm, nə rol oynamışam, nə də sevmişəm.    -Yaşar müəllim, siz həm də müəllim kimi fəaliyyət göstərirsiniz. Ümumiyyətlə, aktyorluq sənətinin sirlərini öyrətmək çətin deyil ki?    - Mən həm İncəsənət İnstitutunda, həm də gimnaziyada dərs deyirəm. Lakin həmişə demişəm ki, kitab oxumaqla tələbəyə dərs demək olmaz. Gərək praktika ola, xüsusən də bu sahədə. Özümdən deyirəm ki, mən hələ kitabla tələbəyə hər hansı bilgini verməyə çalışmamışam. Bunun üçün, qeyd etdiyim kimi, praktika var, səhnə var, tamaşa var.    - Tələbələrinizə qiymət verəndə simiclik edirsiniz, yoxsa?..  

- Qətiyyən. Mən tələbənin qiymətini kəssəm, guya o, aktyor olmayacaq? Axı bu elə sahədir ki, kitab oxumaqla qiymət yazılmır, gərək istedad ola.    - Sizcə, sənətdə əvəzolunmayan insan var?    - Bu söz mənə həm yaxın, həm də uzaqdır. Mən deyərdim ki, əvəz olunmayan Tofiq Quliyevdir, Cahangir Cahangirovdur, Mirzəağa Əliyevdir və s. Digər tərəfdən, mən özüm də Möhsün Sənani kimi əvəzolunmaz sənətkarın ,hələ sağ ikən, böyük rollarını ifa etmişəm - "Almaz"da Şərifi, "Göz həkimi"ndə Həsənağa. Sabah mənim də rollarımı gənclər oynayacaq. Təbii ki, hərəsinin öz dəsti-xətti, öz gözəlliyi var.    - Elə bir rol olubmu ki, onu bu gunə qədər oynamaq istəmisiniz, amma hələ də oynamamısınız?    - Əvvəlcə qeyd etmək istəyirəm ki, bəli, belə rollar var, digər tərəfdən isə, deyərdim ki, mən öz rolumu oynamışam və yaratdığım rollar da hamı tərəfindən bəyənilib, müsbət qarşılanıb. Bir şeyi də qeyd edim, artıq yeddi ildir ki, operada oynayıram. Yeganə dram artistiyəm ki, Ankara Opera və Balet Teatrında "Arşın mal alan" operasını oynamışam. Bu yaxınlarda Ankarada bir tamaşada mənə veriləcək rolu ifa etdim. İndi isə, burada iki tamaşa oynamalıyam. Birinci tamaşa "Sözsüz" olacaq. Mən bu rolu oynamaqla bildirmək istəyirəm ki, Çarli Çaplin məktəbi bizdə də var. Bu, mənim öz ideyamdır.İIkincisi isə, "Məşədi İbad" da ola bilər, "Hacı Qara" da.    

- Yaşar müəllim, artıq bu sənətin sənətkarısınız, özünüzü nə vaxtsa rejissor kimi də sınamaq fikriniz olubmu?    - rejissorluq çox çətin sənətdir. Buna baxmayaraq, film çəkmişəm; Əmir Pəhləvanın ssenarisi əsasında "Spasibo" filmi, Hollivudda göstərilib və pul mükafatına layiq görülüb. Sonra Əmir Pəhləvan mənə zəng etdi ki, pulu almasaq, film ikinci dəfə Hollivudda yayımlanacaq, gəl pulu almayaq, film göstərilsin. Musiqili Komediya Teatrında "Subaylarınızdan görəsiniz" pyesini səhnəyə qoymuşam və bundan başqa da bir çox təkliflər olub.    - İnsan həyatla mübarizə etməlidir, yoxsa, hər şeyi zamanın axarına buraxmalıdır?     - Mən bu sualı Maksim Qorkinin sözləri ilə ifadə etmək istəyirəm. O deyib ki, həyat mübarizələr silsiləsidir. Odur ki, insan heç bir şeyi zamanın ixtiyarına verməməlidir, gərək özün-özünlə, öz daxilinlə, iç dünyanla mübarizə edəsən bu həyatda.    - Rolları özünüz seçirsiniz, yoxsa, rejissorların təklif etdikləri rolla kifayətlənirsiniz?    - Yox, onlar özləri mənə rol verirlər. Düzdür, seçim də olmalıdır, amma rol seçimimdə heç bir rejissorla problem olmayıb. Rejissorun vəzifəsi rol verməkdir, aktyor isə, o rolun öhdəsindən gəlməlidir. Mən də təklif olunan bütün rollarda, hesab edirəm ki, özümü tapmışam, əgər əksinə olsaydı, gündüz də yata bilmərəm ki, bunun öhdəsindən niyə gələ bilmədim. Digər tərəfdən isə, bunu tamaşaçı məndən yaxşı qiymətləndirə bilər. Eyni zamanda, baxmayaraq ki, neçə illərdir bu sənətdəyəm, hələ də səhnəyə çıxanda həyəcanlı oluram. Mənə hərdən cavan aktyorlar deyirlər ki, niyə həyəcanlısınız. Deyirəm ki, həyəcanlı olmasam, mən səhnədə rolu oynaya bilmərəm. Bu, sənətimə yanaşmadır, məsuliyyətdir. Hətta mən öz oynadığım filmlərə baxanda deyirəm ki, bundan da yaxşı oynaya bilərəm. Bir sözlə, bircə onu bilirəm ki, özümdən narazıyam.    - Deyirlər ki, yaradıcı adamlarda sevib-sevilmək hissi güclü olur. Sizdə necədir?    - Sevgi elə bir məfhumdur ki, o, vətən üçün də, ana üçün də, ailə üçün də, sənət üçün də lazımdır. Mənim aləmimdə isə, sevgim də, məhəbbətim də ailədir, sonra sənətdir. Mən teatra gələn günü nişanlanmışam.    - Gənclik illərindən tanınırsınız, tanınmış bir aktyora xanımların yaxınlaşması xanımınız tərəfindən qısqanclıq yaratmayıb ki?    - Qısqanıb, amma problem yaratmayıb. Niyə də problem olmalıdır? O, başa düşüb ki, tanınmış adam üçün bu, normal haldır.    - Yaşar müəllim, hər zaman ətrafınız sevgi ilə əhatə olunub. Bu populyarlıq sizə mane olmur ki?    - Deməzdim ki, bezirəm, yox, gərək belə şeylərə dözəsən, çünki bu sevindirici haldır. Əgər yolla gedərkən məni adi uşaq da saxlayırsa, bir sual verirsə, buna sevinirəm.. Bir adam ki, məni görəndə üzündə təbəssüm yaranır, niyə də sevinməyim? Çünki bunlar hamısı təbii ki, sevgidən irəli gəlir. Onların da sevgisinin qarşılığında gərək xoş üz göstərəsən, təbəssümlə cavab verəsən.    - Yaşar müəllim, klassik filmlərin bəzilərinə son vaxtlar yenidən müraciət olunur. Yəni müasir dövrün tələblərinə uyğun olaraq çəkilir, buna münasibətiniz, mövzu tükənib, yoxsa?..    - Bunlar klassik filmlərdir. Klassikaya zamanın gözü ilə baxmaq lazımdır. Bu yaxınlarda "Arşın mal alan" xaricdə göstərildi. Onlar mətndən bəzi sözləri çıxarmışdılar. Mən onlara öz etirazımı bildirdim. Çünki bu əsər dahi Üzeyir Hacıbəyova aiddir, ikincisi isə, bu klassikadır. Yəni klassikaya müraciət etmək lazımdır, lakin milli kaloritləri saxlamaq şərti ilə. Eyni zamanda, belə filmlərə müraciət olunması mövzunun tükənməsi ilə bağlı deyil, sadəcə olaraq, əsər yazan yoxdur.    - Yəqin ki, yaratdığınız rolun adı ilə sizə müraciət edənlər olur?    - Bəli, olub. Mən yolla gedərkən bəzən mənə Həsənağa, bəzən Elçin, bəzən də Dadaşov deyə müraciət edirlər və ya hal-əhval tuturlar. Mən də bunu normal qəbul edirəm. Çünki o obrazlarda xalqın ürəyinə yol tapmışam.    - Xarici səfərlərlə bağlı dəvətiniz olubmu, ümumiyyətlə yaradıcılığınızda nə yeniliklər var?    - Olub. İki il bundan əvvəl Türkiyədə Ankara Opera və Balet Teatrına dəvət aldım, amma qəbul etmədim. Çünki mən Bakısız qala bilmərəm. Əslində, sevindirici haldır ki, biz gedək başqa ölkədə sənətimizi nümayiş etdirək. Onlar mənə çox təkid etdilər ki, gəl, filmlərə çəkilməyə şərait də yaradacagıq, amma qəbul edə bilmədim. Yaradıcılığıma gəldikdə isə, yaxınlarda iki filmə dəvət almışam, amma qoy bu hələ sirr qalsın.

Xəbər lenti

Xəbər lenti