...

Ziyarətdən sonra bu qənaətə gəlmişəm ki, heç kimin xətrinə dəyməyim – müğənni Ruhi

Cəmiyyət Materials 24 Yanvar 2008 13:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 yanvar /müx. TrendLife Günel Əhmədova/

"Bəzən deyirlər ki, Allahdan qorxmaq lazımdır. Allahdan qorxmaq lazım deyil, Allahı sevmək lazımdır. Çünki Tanrı bizi qorxu ilə deyil, sevgi ilə yaradıb. Sadəcə, bəzi insanlar yolunu azıb, şeytana quluq edir. Qorxu ilə yaşayan insanlar belələrindəndir" - bu sözləri TrendLife-a Həcc ziyarətinin təəssüratları ilə yaşayan müğənni Ruhi söylədi.

Ziyarətindən sonra həyatında yeni səhifə açıldığını söyləyən müğənni var-dövləti bir o qədər əhəmiyyətli hesab etmədiyini qeyd edir: "Mənim üçün yeni, təmiz, gözəl bir səhifə açılıb. Var-dövlət insanın qəlbində olmalıdır. Allah heç kimə daşıya bilməyəcəyi yükü vermir. Ziyarətdən sonra bu qənaətə gəlmişəm ki, heç kimin xətrinə dəyməyim".

Müğənni söylədi ki, namaz qılmaqla yanaşı, "Qurani-Kərim"in ərəb dilindən tərcüməsini öyrənməyi qarşısına məqsəd qoyub. Eyni zamanda o, yaradıcılıq planlarını axsatmır. Hazırda bəstəkarlardan Rəşad və Muxtarın mahnılarını lentə yazdırdığını söyləyən sənətçi xanım onlardan birinin ekran həllini düşünür. Qeyd etdi ki, klip çəkilişinin Moskvada aparılması nəzərdə tutulub. Rejissor missiyasını da o əcnəbi klipmeykerə həvalə edəcəyini bildirdi. "Hacı xanım" adını daşıdığını xatırladan Ruhi dini mövzuda oxuyacağını bildirdi.

Arzusunu dilə gətirən müğənni sonda ana olmaq istəyini dilə gətirdi: "Əhd etmişəm ki, övladımın iki yaşında yenidən Həcc ziyarətinə gedim. Növbəti ziyarətdə ana olmaq arzusunda olan qadınlar üçün dua edəcəyəm".

Xəbər lenti

Xəbər lenti