...

Azərbaycan təhsilinin Avropaya inteqrasiyası sürətlənəcək - Parlamentin təhsil komissiyası

Cəmiyyət Materials 19 Fevral 2008 13:20 (UTC +04:00)
Azərbaycan təhsilinin Avropaya inteqrasiyası sürətlənəcək - Parlamentin təhsil komissiyası

Azərbaycan, Bakı, 19 fevral / Trend , İ.Əlizadə/ Azərbaycan Parlamentinin təhsil komissiyasının üzvləri hesab edirlər ki, prezident İlham Əliyevin təhsillə bağlı imzaladığı son sərəncam bu sahənin gələcək inkişaf strategiyasının istiqamətlərinin müəyyənləşdirilməsi baxımından böyük əhəmiyyət daşıyır. "Azərbaycan artıq Boloniya prosesinə qoşulub. Təhsillə bağlı müxtəlif proqramlar hazırlamaq lazımdır ki, bu proses daha yüksək səviyyədə həyata keçirilsin. Prezidentin imzaladığı sərəncam Azərbaycanın Boloniya prosesinə keçidini sürətləndirəcək" - deyə çərşənbə axşamı Trend ə açıqlamasında Milli Məclisin Elm və təhsil məsələləri daimi komissiyasının üzvü, akademik Asəf Hacıyev bildirib.

Bu il yanvarın 31-də prezident Əliyev "Azərbaycan Respublikası ali təhsil müəssisələrinin Avropa ali təhsil məkanına inteqrasiyası ilə bağlı bəzi tədbirlər haqqında" sərəncam imzalayıb. Sərəncama əsasən, Təhsil Nazirliyi, tabeçiliyində ali təhsil müəssisələri olan digər qurumlarla birlikdə "2008-2012-ci illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı" layihəsini martın 30-dək hazırlamalıdır. Eləcə də, Xarici İşlər Nazirliyi ölkənin ali təhsil müəssisələrinin Avropa ali təhsil məkanına inteqrasiyası məqsədilə Bolonya prosesinin ölkəmizdə reallaşdırılmasına xidmət edən beynəlxalq müqavilələrin imzalanması üçün müvafiq tədbirlərin həyata keçirilməsinə məsul edilir. Nazirlər Kabinetinə tapşırılıb ki, Təhsil Nazirliyinin təklifləri nəzərə alınmaqla, ali təhsilin bakalavr pilləsində ixtisasların (proqramların) siyahısının YUNESKO-nun və digər beynəlxalq qurumların qəbul etdiyi müvafiq sənədlərə uyğunlaşdırılmasını təmin etsin və bu sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

Millət vəkili hesab edir ki, təhsildə olan problemlərin həll olunması üçün böyük işlər görülməlidir. Hacıyevin fikrincə, əsas məsələ Azərbaycan universitetlərinin verdiyi diplomların Avropada tanınmasına nail olmaqdır.

"Hazırkı dövrdə hər hansı ölkə ayrılıqda təhsil sahəsində böyük inkişafa nail ola bilməz. Azərbaycanın Boloniya prosesinə qoşulması təhsilin Avropaya inteqrasiyasını və inkişafını təmin edəcək" - deyə deputat əlavə edib.

Onun fikrincə, Azərbaycanın "Təhsil haqqında" yeni qanun layihəsi də Boloniya prosesinin tələblərinə cavab verməlidir.

Milli Məclisin Elm və təhsil məsələləri daimi komissiyasının üzvü, Bakı Dövlət Universitetinin (BDU) rektoru Abel Məhərrəmovhesab edir ki,Azərbaycan Boloniya prosesinin iştirakçısı olsa da, bununla bağlı dəqiq strategiya yox idi: "Prezident İlham Əliyevin imzaladağı sərəncam bizim təhsil strategiyamızın istiqamətlərini müəyyənləşdirdi".

Xəbər lenti

Xəbər lenti