Azərbaycan, Bakı, 23 iyun /TrendLife müx. Günel Əhmədova
Bir müddət əvvəl səhhəti kəskin ağırlaşan Şəfiqə Axundovanın nitqində və hərəkətlərində qüsurlar yaranmışdı. Ailə üzvləri onun günü-gündən pisləşdiyini proqnoz etsələr də, tibb bunun öhdəsindən gələ bildi. Bəstəkarın bacısı Rəfiqə Axundovanın TrendLife-a bildirdiyinə görə, uzun sürən müalicə kursundan sonra onun səhhətində irəliləyiş nəzərə çarpır. Nitqindəki qüsurlar da aradan qaldırılıb. Lakin ayaqlarındakı problemlər bəstəkarın sərbəst hərəkətinə mane olur. Hələ bir müddət əvvəl yaxın adamlarını xatırlamayan Şəfiqə xanımın bu problemi də həkimlərin sayəsində həll olunub.
Söhbətinin davamında Şəifqə Axundovanın vəziyyəti ilə yalnız tibb işçilərinin maraqlandığını deyən bacısı gileyini gizlətmədi:
"Şəfiqə xanım özünü yaxşı hiss edəndə sənətçilər evə gəlir, yaxud telefon açıb ondan yeni mahnılar istəyir, məsləhətlər alırdılar. İndi yaradıcılıqla məşğul ola bilmir, heç kim onu axtarmır. Hətta uzun illər çalışdığı, özünə dost bildiyi adamlar da ögeyləşiblər. Həmçinin bəstəkar dostları da onu unudublar. Yalnız bir dəfə Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə bacıma baş çəkib. Ondan başqa qapımızı açan yoxdur".
Xatırladaq ki, Şəfiqə Axundovanın müalicəsi ev şəraitində davam etdirilir.