...

Əbu-Bəkr məscidinin bağlanması müraciəti sifarişdir -məscidin imamı

Cəmiyyət Materials 6 Sentyabr 2008 13:38 (UTC +04:00)
Əbu-Bəkr məscidinin bağlanması müraciəti sifarişdir -məscidin imamı

Azərbaycan, Bakı, 06 sentyabr / Trend , müxbir İ.Əlizadə/ Azərbaycan paytaxtında partladılan Əbu-Bəkr məscidinin imamı Hacı Qamət Süleymanov yaxınlıqda yaşayan sakinlərin məscidin birdəfəlik bağlanması ilə bağlı müraciətini sifariş hesab edir.

"Bu, bizi istəməyən qüvvələrin sifarişi əsasında hazırlanan müraciətdir. Bəzi qüvvələr var və onlar prezident seçkisi ərəfəsində bu hadisələrdən istifadə etmək istəyirlər" - şənbə günü Trend -a məscidin imamı bildirib.

Trend -un arayışı: Bu ilin avqustun 17-də saat 20:50 radələrində Bakı şəhəri Ülvi Bünyadzadə küçəsində yerləşən "Əbu-Bəkr" məscidinə naməlum şəxs tərəfindən atılmış əl qumbarasının partlaması nəticəsində iki nəfər hadisə yerindəhəlak olub, 18 nəfərin sağlamlığına müxtəlif dərəcəli zərər yetirilib.

Əbu-Bəkr məscidinin yerləşdiyi Ülvi Bünyadzadə küçəsinin 1000 - dək sakini məscidin birdəfəlik bağlanması xahişi ilə ölkə rəhbərliyinə müraciət ediblər.

Hacı Qamət məscidi bağlamaq istəyən qüvvələrin kimlərdən ibarət olduğunu açıqlamayıb.

"Sakinlərin əsas iddiası budur ki, guya orada səs-küy salınır. Onların məntiqi ilə yanaşsaq, onda Bakıda yüzlərlə obyektlər, restoranlar bağlanmalıdır. Restoranlar gecədən səhərə qədər işləyir və vətəndaşların istirahətini pozur. Bağlayırlar, onları bağlasınlar. Hamı istəyər ki, evinin yaxınlığında sakitlik olsun. Lakin məscidi bağlamaq olmaz, çünki məscid Allahın evidir. Kim bunu etsə, Allah onun evini bağlayar. Məscidə toxunmaq olmaz", - deyə məscidin imamı əlavə edib.

Hacı Qamət qeyd edib ki, məscidin yerləşdiyi ərazidə yaşayan sakinlərlə həmişə yaxşı münasibətdə olublar: "Müraciətdə yazılıb ki, guya biz kücədə natəmizlik yaratmışıq. Hamı həmin küçəni tanıyır və biz oranı həmişə təmiz saxlayırıq. Hətta ərazidəki zibilliyi də da biz təmizlətdiririk. Qonşulara bəzi məsələlərdə kömək də edirik. Məscidimiz ehtiyacı olanlara kömək edir. Elə bir namaz yoxdur ki, ondan sonra biz ehtiyacı olan adamlara qan verməyək. Məscid böyük xeyirxah işlər görür".

Bununla yanaşı, Hacı Qamət deyib ki, bəzi hallarda sakinlərlə aralarında narazılıq halları olub. Bu da orada yaşayanların qapısı qarşısında avtomobil saxlanılması ilə bağlı olub. Onun fikrincə, insanların toplaşdığı yerlərdə belə hal ola bilər.

O vurğulayıb ki, Əbu -Bəkrdə ibadət edənlər təmkinlə məscidin fəaliyyətə başlamasını gözləyirlər. Onun sözlərinə görə, dindarların məscidin bağlı olmasına heç bir etirazları yoxdur.

"Hissə qapılmamışıq və partlayışın baş verməsinin səbəblərindən biri də bizim bu mövqeyimizdir. Bizim məscid Azərbaycanda dini radıkallığın qarşısının alınmasında böyük rol oynayır",- deyə Hacı Qamət əlavə edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti