...

Azərbaycanda millət vəkilinin həbs etdirdiyi jurnalistlərin məhkumluğun götürülməsi barədə müraciətləri rədd olunub

Cəmiyyət Materials 11 Sentyabr 2008 13:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 sentyabr / Trend , K.Zərbalıyeva/ Millət vəkili Cəlal Əliyevin şikayəti əsasında məhkum olunmuş "Müxalifət" qəzetinin baş redaktoru və əməkdaşının məhkumluğun vaxtından əvvəl götürülməsi barədə şikayətini Bakı Apellyasiya Məhkəməsi təmin etməyib.

Cümə axşamı keçirilən prosesdə baş redaktor Rövşən Kəbirlinin və qəzetin əməkdaşı Yaşar Ağazadənin barələrində cəza çəkdiyi müəssisələrin rəhbərliyi tərəfindən mənfi xasiyyətnamə verildiyindən, şikayətləri rədd edilib.

Baş redaktor barədə təqdim olunan xasiyyətnamədə onun 16 saylı cəzaçəkmə müəssisəsində qısa müddətdə saxlanıldığı əsas gətirilərək xarakterizə verilməyib.

Ağazadənin cəza çəkdiyi 10 saylı müəssisənin rəhbərliyi xasiyyətnamədə isə jurnalistin kütləvi və idman tədbirlərində iştirak etmədiyi, onun cinayətini etiraf etmədiyi qeyd olunub.

Jurnalistlər məhkumluğun onların peşə fəaliyyətinə mane olduğunu əsas götürərək məhkəməyə müraciət ediblər.

Millət vəkili Əliyevin xüsusi ittiham qaydasında şikayəti üzrə jurnalistlər Cinayət Məcəlləsinin ağır və xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma (147.2-ci) maddəsi ilə təqsirli bilinərək Yasamal rayon məhkəməsinin 16 aprel tarixli hökmü ilə 2 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.

"A.M.A.Y Əliyevlərin ticarət markası" adlı məqalədə AMAY Ticarət Mərkəzinin Əliyev tərəfindən himayə olunması göstərilib.

Növbəti məhkəmə prosesi sentyabrın 11-də keçiriləcək.

Qeyd olunan işlə bağlı jurnalistlər İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə müraciət ediblər.

Kəbirli və Ağazadə 2003-cü ilin mayında Əliyevin şikayəti əsasında 5 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunublar. Amnistiya aktı tətbiq olunaraq onlar məhkəmə zalından azad olunublar.

Azərbaycanda hazırda 3 jurnalist həbsdədir.

Məqalə müəllifi ilə əlaqə: - [email protected]

Xəbər lenti

Xəbər lenti