...

Son vaxtlar Gürcüstanda yaşayan azərbaycanlıların sosial problemlərinin həlli üzrə bu ölkədə ciddi addımlar atılıb - deputat

Cəmiyyət Materials 13 Yanvar 2009 16:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 yanvar/ Trend , müxbir C. Babayeva/ Gürcüstanda son vaxtlar bu ölkədə yaşayan azərbaycanlıların sosial problemlərinin həlli istiqamətində ciddi addımlar atılıb. Bu barədə çərşənbə axşamı keçirilən mətbuat konfransında Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) nümayəndə heyətinin üzvü, deputat Gültəkin Hacıbəyli bildirib.

"Gürcüstan hökuməti azərbaycanlıların sosial problemlərinə diqqətlə yanaşır və mərhələli şəkildə onları həll etməyə çalışır. Azərbaycan Dövlət Neft Şirkəti və Heydər Əliyev Fondunun xəttilə də bir çox sosial layihələr reallaşdırılıb. Gürcüstanda yaşayan azərbaycanlıların problemləri  həmişə Azərbaycan rəhbərliyinin diqqət mərkəzindədir", - deyə o bildirib.

Qeyri-rəsmi məlumatlara görə, Gürcüstanda  və əsasən də, Kvemo-Kartli (Borçalı) rayonunda təqribən 500 min azərbaycanlı yaşayır.

Gürcüstan azərbaycanlıları dövlət dilinin öyrənilməsi, ana dilinidə təhsil almaq, torpaq sahələrinin alınması və dövlət orqanlarında onlara yüksək vəzifələrin verilməməsi ilə bağlı problemlərdən şikayətlənirlər.

Ötən həftə Azərbaycanın ictimai xadimləri və parlamentinin deputatlarından ibarət qrup - Nəsib Nəsibli, Gültəkin Hacıbəyli, Musa Quliyev, Lalə Abbasova, Gürcüstanda yaşayan azərbaycanlıların problemləri ilə tanış olmaq üçün, bu ölkəyə səfər ediblər.

Deputat Lalə Abbasova Azərbaycan deputatları və ictimai xadimlərinin səfərini səmərəli qiymətləndirib. "Səfərdən sonra nümayəndə heyətinə Gürcüstan azərbaycanlılarının bəzi problemlərinin həll  edildiyi barədə məlumat verilib", - deyə Abbasova bildirib.

Deputat hesab edir ki, belə səfərlər tez-tez  təşkil olunmalıdır. "Gürcüstan azərbaycanlıları Azərbaycan hökumətinin mənəvi dəstəyinə ehtiyac duyurlar. Deputatların, Azərbaycanın ictimai xadimlərinin Gürcüstana səfəri və bu ölkədə yaşayan azərbaycanlıların prolblemləri ilə yerində tanış olmaları onlara problemlərin həlli istiqamətində ümid verir", - deyə Abbasova bildirib.

Deputat söyləyib ki, Kvemo-Kartli regionunun qubernatoru David Kirkitadze görüşdə bu il regionun azərbaycanlılar məskunlaşan kəndlərində üç məktəbin tikilməsi və 20 məktəbin təmir olunması barədə məlumat verib.

Deputat Nəsib Nəsibli hesab edir ki, Gürcüstan azərbaycanlıları gələcəklərini təmin etmək üçün  Gürcüstan cəmiyyətinə inteqrasiya etməlidirlər. "Azərbaycanlıların məskunlaşdığı kəndlərin adlarının gürcü adları ilə əvəzlənməsi, dövlət strukturlarında azərbaycanlıların təmsil olunmaması və digər sosial problemlər onların assimilyasiyasına aparır", - deyə Nəsibli bildirib.

"Zerkalo" qəzetinin baş redaktoru Elçin Şıxlı vurğulayıb ki, Gürcüstan azərbaycanlıları bəzi sosial problemləri özləri həll etmək iqtidarındadırlar. "Gürcüstan azərbaycanlıları ilk növbədə istəyirlər ki, onların uşaqları doğma dillərində təhsil almaq imkanı əldə etsinlər", - deyə o bildirib.

Şıxlı hesab edir ki, Azərbaycan hökuməti Gürcüstan azərbaycanlılarına Gürcüstan cəmiyyətinə inteqrasiyasında kömək  etməsə, onların Azərbaycana kütləvi axını başlaya bilər.

Məqalə müəllifi ilə əlaqə ünvanı -  [email protected]

Xəbər lenti

Xəbər lenti