Azərbaycan, Bakı, 03 fevral / Trend , müxbir R.Ergün/ Türkiyənin "Kocaelispor" klubunda çıxış edən Azərbaycan yığma komandasının kapitanı Rəşad Sadıqov məşqdə ciddi zədə alıb.
"Dünən "Kocaelispor"un məşqində olarkən, belimdə güclü ağrı hiss etdim. Bu, komanda üzvləriylə birgə qaçarkən baş verdi. Bu gün həkim müayinəsindən keçəcəyəm. Ola bilsin ki, "Kocaelispor"un növbəti oyununda iştirak edə bilməyəcəyəm", - çərşənbə axşamı Trend -a Türkiyədən telefonla Sadıqov deyib.
"Kocaelispor" Superliqa çərçivəsində növbəti oyununu fevralın 8-də, səfərdə "Sivasspor" komandasına qarşı keçirəcək.
Sadıqov "Kocaelispor"la keçən ay müqavilə bağlayıb. Ondan başqa, daha bir azərbaycanlı futbolçu - Ramal Hüseynov da Türkiyə klubunun heyətində çıxış edir.
Yığma komandanın kapitanı bildirib ki, "Sivasspor"la oyunda "Kocaelispor"un qələbə qazanmaq şansı elə də yüksək deyil.
"Sivasspor" hazırda Türkiyə Superliqasında liderdir. Bu komanda xüsusi ilə fiziki cəhətdən çox güclü olması ilə fərqlənir", - deyə Sadıqov əlavə edib.
"Kocaelispor" Superliqada sonuncu oyununu "Gənçlərbirliyi"nə qarşı keçirərək, 0:2 hesabı ilə məğlub olub.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]