Azərbaycan, Bakı, 20 avqust / Trend , müxbir F.Hüseynli /
Gənclər və idman naziri Azad Rəhimov cümə axşamı Kanadanın Dartmut şəhərində keçirilmiş kanoe və kayak qayıqlarında avarçəkmə üzrə dünya çempionatında tarixi uğura imza atmış idmançılar və onların məşqçiləri ilə görüşüb. Trend -un məlumatına görə, nazir yarışda çempion olmuş Valentin Demyanenko, eləcə də gümüş və bürünc medallara layiq görülmüş Sergey Bezuqlıy - Maksim Prokopenko cütlüyünü təbrik edib.
"Dünya çempionatında əldə olunmuş nailiyyətlər böyük uğurdur. Sizin qazandığınız uğur Azərbaycan idmanını dünyada təbliğ edir", - deyə Rəhimov vurğulayıb.
Nazir bildirib ki, qısa zaman ərzində qazanılan uğurlar Azərbaycan Milli Avarçəkmə Federasiyası rəhbərliyinin və yığma məşqçilərinin gərgin əməyinin nəticəsidir. "Avarçəkmə elit idman növüdür və uşaqların, yeniyetmələrin pis vərdişlərə, narkotikaya qurşanmasının qarşısını alır, onların küçələrə yox, idman zallarına axışmasına şərait yaradır. İnanıram ki, Mingəçevirdə tikilməkdə olan "Kür" Təlim-Tədris Mərkəzinin istifadəyə verilməsindən sonra avarçəkmədə daha böyük uğurlar qazanılacaq".
Tədbirdə iştirak edən Azərbaycan Milli Avarçəkmə Federasiyasının prezidenti Elçin Zeynalov qəbula görə Azad Rəhimova minnətdarlıq edib və deyib ki, kanoe növündə təkcə böyüklər arasında deyil, yeniyetmələrin yarışında da uğurlarımız var. Artıq bir kanoeçimiz gələn il Sinqapurda ilk dəfə keçiriləcək Yeniyetmələrin Yay Olimpiya Oyunlarına vəsiqə qazanıb.
Dünya çempionatında Valentin Demyanenko 1 nəfərlik kanoe qayığında 200 m məsafəyə yürüşdə qızıl, Sergey Bezuqlıy - Maksim Prokopenko cütlüyü isə 2 nəfərlik kanoe qayığında gümüş (1000 m) və bürünc (500 m) medallara sahib olub.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]