...

Gürcüstanda azərbaycanlı şagirdlərin sayı yarıya qədər azalıb

Cəmiyyət Materials 14 Sentyabr 2009 14:15 (UTC +04:00)
Gürcüstanın azərbaycandilli məktəblərində şagirdlərin sayı nəzərəçarpacaq dərəcədə azalıb.
Gürcüstanda azərbaycanlı şagirdlərin sayı yarıya qədər azalıb

Azərbaycan, Bakı, 14 sentyabr / Trend , müxbir C.Babayeva /

Gürcüstanın azərbaycandilli məktəblərində şagirdlərin sayı nəzərəçarpacaq dərəcədə azalıb.

"Əvvəlki illəlrə müqayisədə məktəblərə gedən uşaqların sayı kəskin azalıb. Azərbaycana işləməyə gedən gənc ailələr uşaqlarını Bakı məktəblərinə qoyurlar. Məktəblərdə davamiyyət çox zəifləyib. Əgər bir sinifə əvvəllər 20-22 şagird gedirdisə, hazırda bu göstərici 10-12-dir", - bazar ertəsi Trend -a Gürcüstan azərbaycanlılarının "Qeyrət" Xalq Hərəkatının rəhbəri Əlibala Əsgərov Tbilisidən telefonla bildirib.

Əsgərov təəssüflə bildirib ki, azərbaycandilli məktəblərin heç birində az da olsa təmir işləri aparılmayıb. "Gürcüstanda 168 azərbaycandilli məktəb olub, hazırda onlardan 120-si fəaliyyət göstərir. Onların da bir çoxuna məktəb demək düzgün olmaz", - o deyib.

Hərəkat rəhbəri Gürcüstanda dərsliklərlə bağlı qarışıqlıq olduğunu bildirib. "Gürcüstanda məktəb dərsliklərinin 75 fazinin ölkədə çap olunacağı gözlənilirdi. Amma Gürcüstanın buna hazır olmadığı məlum oldu. Bununla bağlı Təhsil Nazirliyi, müvafiq orqanlara təqdim etdiyimiz sorğular və Gürcüstandakı Azərbaycan səfriliyi ilə əlaqədən sonra belə qərara alındı ki, bu il də azərbaycandilli məktəbləri dərsliklərlə Azərbaycan təmin edəcək", - Əsgərov deyib.

Onun sözlərinə görə, azərbaycanlı uşaqların gürcü məktəblərində təhsil almalarının əleyhinə olan yoxdur. "Heç gürcü məktəblərində də təhsilin səviyyəsi bir o qədər yüksək deyil. Təhsil problemi Gürcüstanın ən qlobal problemidir", - o bildirib.

"Qeyrət" rəhbəri 120 azərbaycandilli məktəbin 12-nin direktorunun gürcü olduğunu bildirib. "Həmin məktəblərin yerləşdiyi kəndlərdə bir gürcü belə yaşamır. Bu yaxınlarda Kvemo-Kartlinin qubernatoru ilə hərəkat nümayəndələri müşavirə keçirib. Müşavirədə yekdil olaraq belə qərara gəlinib ki, azərbaycandilli məktəblərə gürcü direktorlarının təyin olunması nə dövlət dilinin inkişafına, nə də təhsilin keyfiyyətinin artırılmasına xidmət etmir. Qubernator bu fikri dəstəkləsə də, hələ ki, əməli fəaliyyət yoxdur. Bizə söz verildi ki, yaxın zamanda gürcü direktorlar azərbaycanlılarla əvəzlənəcək", - Əsgərov deyib.

Əsgərov azərbaycandilli məktəblərin müəllim kontingenti ilə də bağlı narahatlığını bildirib. "Məktəblərin müəllim kontingentinin 67 faizi təqaüdçüdür. Məktəblərdə gənc kadrlara böyük ehtiyac var. Gənc kadrların olmaması gələcəkdə məktəblərdə daha ciddi probmlemlərin olacağından xəbər verir", - o deyib.

Qeyri-rəsmi məlumatlara görə, Gürcüstanda, əsasən Kvemo-Kartli (Borçalı) vilayətində təxminən 500 min azərbaycanlı yaşayır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti