...

Azərbaycanda inzibati mübahisələrə baxacaq məhkəmələr fəaliyyətə başlayacaq

Cəmiyyət Materials 2 Oktyabr 2009 15:32 (UTC +04:00)
Milli Məclisin İnzibati və hərbi qanunvericilik şöbəsinin müdir müavini Səyyad Kərimov cümə günü Trend News-a bildirib ki, inzibati mübahisələrə baxacaq məhkəmələr regional iqtisad məhkəmələrinin bazasında yaradılacaq və bu məhkəmələr İqtisadi və inzibati mübahisələrə dair məhkəmələr adlandırılacaq.
Azərbaycanda inzibati mübahisələrə baxacaq məhkəmələr fəaliyyətə başlayacaq

Azərbaycan, Bakı, 02 oktyabr / Trend , müxbir K.Zərbalıyeva/

Azərbaycanda inzibati mübahisələrə baxacaq məhkəmələr gələn ilin yanvarından fəaliyyət göstərəcək.

Milli Məclisin İnzibati və hərbi qanunvericilik şöbəsinin müdir müavini Səyyad Kərimov cümə günü Trend -a bildirib ki, inzibati mübahisələrə baxacaq məhkəmələr regional iqtisad məhkəmələrinin bazasında yaradılacaq və bu məhkəmələr İqtisadi və inzibati mübahisələrə dair məhkəmələr adlandırılacaq.

Bu mübahisələr üzrə ikinci instansiya məhkəməsi qismində apellyasiya məhkəmələrinin, kassasiya instansiyası qismində isə Ali Məhkəmənin tərkibində yaradılacaq İnzibati və iqtisadi mübahisələrə dair kollegiyalar çıxış edəcək.

Respublikada 7 regional iqtisad məhkəməsi - 1 və 2 saylı Bakı, Şirvan, Gəncə, Şəki, Sumqayıt yerli İqtisad məhkəmələri və Naxçıvan MR-in İqtisad Məhkəməsi fəaliyyət göstərir.

Kərimovun sözlərinə görə, həm "İnzibati icraat haqqında" qanun, həm də İnzibati Prosessual Məcəllə 2010-cu il yanvarın 1-dən hüquqi qüvvəyə minəcək.

"Ona görə də inzibati mübahisələrə baxacaq məhkəmələrin formalaşması, hakimlərin müəyyən edilməsi və digər texniki məsələlər ilin sonunadək həll olunmalıdır", - deyə Kərimov bildirib.

Milli Məclisi rəsmisi deyib ki, İnzibati Prosessual Məcəllə prezidentə imzalanmaq üçün təqdim olunub.

"İnzibati icraat haqqında" qanun Azərbaycanın qanunvericilik təcrübəsində ilk dəfə olaraq dövlət hakimiyyəti orqanları ilə münasibətlərdə vətəndaşların hüquqlarının müdaifəsini özündə ehtiva edir. Qanun vətəndaşların şikayət və müraciətlərinə baxan dövlət orqanlarının öhdəlik və məsuliyyətini müəyyən edir, fiziki və hüquqi şəxslərə hüquqi yardım göstərilməsindən imtina edilməsini inzibati orqanlara qadağa qoyur, hamının qanun və inzibati orqan qarşısında bərabərliyini təsbit edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti