Azərbaycan, Bakı, 15 yanvar/ Trend , müxbir M.Əliyev/
Mərkəzi Asiya ölkələrindəki Azərbaycan diaspor təşkilatları vahid konqresdə birləşəcək. Bu barədə "Özbəkistan-Azərbaycan" Mədəniyyət Mərkəzləri Assosiasiyasının sədri Akif Ağatalıbov Daşkənddən telefonla xəbər verib.
Onun sözlərinə görə, hazırda Mərkəzi Asiya ölkələrinin qadın, gənc və digər diaspor təşkilatları ilə danışıqlar aparılır.
"Birinci konfransın keçirilmə vaxtı və ölkələrin müəyyən edilməsi məsələsi qalıb. Konfransda bu regionun 6 ölkəsindən nümayəndələr iştirak edəcək", - Ağatalıbov deyib.
Assosiasiya sədrinin sözlərinə görə, belə bir qurumun yaradılması Mərkəzi Asiya regionlarında yaşayan bütün azərbaycanlıların istəklərinə uyğundur. "Özbəkistan-Azərbaycan" Mədəniyyət Mərkəzləri Assosiasiyasının Özbəkistanın 10 regionunda nümayəndəliyi var. Özbəkistanda 60 mindən çox azərbaycanlı yaşayır.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]