Azərbaycan, Bakı, 9 iyun /Trend/
"Ekologiya ili" çərçivəsində Sumqayıtda mövcud olan bütün küçə, park və xiyabanlardakı yaşıllıq sahələrinə mütəmadi olaraq aqrotexniki qulluq göstərilməklə yanaşı, eyni zamanda, cari ilin may ayı ərzində şəhərin bir çox ərazilərində yeni ağaclar əkilib, abadlıq-bərpa işləri aparılıb.
Sumqayıt Şəhər İxtisaslaşdırılmış Yaşıllaşdırma Tikinti İdarəsindən verilən məlumata əsasən, ötən ay ərzində şəhərin müxtəlif ərazilərində, ümumilikdə, 5350 kvadrat-metr yeni qazon sahəsi, bundan əlavə, 30 mindən çox mövsümi gül, dekorativ kol və ağaclar əkilib.
Belə ki, şəhərin Heydər Əliyev prospektində 500 ədəd eonimus kolu, 550 ədəd petonya gülü, 10 ədəd finik, 9 ədəd amerikan tuyası, 400 ədəd salviya gülü; Nizami meydanında 8 ədəd tuya şarı, Koroğlu küçəsində 680 ədəd eonimus kolu və Üzeyir Hacıbəyov küçəsində 28 000 ədəd mövsümi gül əkilib.
Eyni zamanda, yaşıllıqlara verilən suvarma işlərinin keyfiyyətinin artırılması, su itkisinin qarşısının alınması məqsədilə 500 p/metr yeni su xətti çəkilib.
Hazırda Sumqayıtda adambaşına düşən yaşıllıq sahəsi 26,5 kv.metr təşkil edir ki, bu da respublika şəhərlərinin orta göstəricisindən yüksəkdir.
Lakin buna baxmayaraq, bu göstəricinin iki dəfə artırılaraq, 50 kv.metrə çatdırılması nəzərdə tutulub.