Azərbaycan, Bakı, 30 /Trend, müxbir K.Zərbalıyeva/
Dünən bir qrup xanım jurnalist və millət vəkili Qənirə Paşayeva Milli Qəhrəman Mübariz İbrahimovun ailəsi ilə görüşüb.
Trend-in məlumatına görə, səfər "Lider TV"nin təşkilatçılığı və jurnalist Mətanət Ağamirlinin təşəbbüsü ilə reallaşdırılıb.
Şəhidin anası Şamama İbrahimova jurnalistlərlə söhbətində oğlu ilə fəxr etdiyini deyib.
"Mən fəxr edirəm ki, belə bir oğul anasıyam. O, dünyaya təzədən gəlsəydi, istərdim ki, yenə də döyüşlərə getsin və daha çox erməni məhv etsin. Bu onun arzusu idi. Əminəm ki, arzusuna qovuşduğuna görə Mübarizin ruhu rahatdır", - şəhid anası bildirib.
Oğlunun çox möhkəm iradəyə malik olduğunu deyən ana bildirib ki, Mübariz İbrahimov qarşısına qoyduğu məqsədə çatmaq üçün hər zaman mübarizlik göstərib.
"Mübariz hər zaman ermənilərin axırına çıxmağı arzu edirdi. Mübariz 3-cü sinifdən boksa və güləşə gedib. Daim idmanla məşğul olurdu. Uşaqlıqdan döyüş filmlərinə baxırdı. Son zamanlar evdə tez-tez "Mən sağlam olmalıyam. Heç vaxt xəstə düşə bilmərəm. Çünki bu mənə öz arzumu yerinə yetirmək üçün lazım olacaq" deyərdi", - İbrahimova deyib.
Nə edəcəyini taktiki planlaşdıran Mübariz evdəkiləri gələcəkdə onun yoxluğuna alışdırmaq üçün onlara gizli şəkildə nələrisə çatdırırdı.
Milli Qəhrəmanın atası Ağakərim İbrahimov oğlu ilə axırıncı söhbətini belə xatırlayır.
"Mübariz axırıncı 6 ayda gizli şəkildə məndən halallıq istəyirdi. Mən də hər dəfə onun bu fikirlərini başa düşmürdüm. Axırıncı dəfə yenə məndən halallıq istəyəndə dedim ki, haqqım halal olsun. Nə istəyin varsa, arzuna çatasan. Mübariz isə cavabında ona şəhidlik arzulamağımı istədi. Üstündən bir neçə gün sonra onun şəhid olması xəbərini eşidəndə, məndən nəyə görə halallıq istəməsini başa düşdüm", - ata bildirib.
İyunun 19-u Tərtərin Çaylı kəndi istiqamətində Ermənistan silahlı qüvvələri ilə gedən qanlı döyüşdə 4 erməni əsgərini öldürən və elə o sayda da düşməni yaralayan Mübariz İbrahimova iyulun 22-də Prezident İlham Əliyevin sərəncamı ilə "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib.