Azərbaycan, Bakı, 4 avqust /Trend, müxbir Ü.Sadıxova/
Yaxın vaxtlarda Azərbaycan Mətbuat Şurası Türkiyə səfirliyi ilə birgə türkdilli jurnalistlərin birliyini yaratmaq niyyətindədir. Bu barədə çərşənbə günü Azərbaycan Milli mətbuatının 135 illiyinə həsr olunan tədbirdə Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib.
Türkdilli Ölkələrin Parlament Assambleyasının 2009-cu ilin sentyabrında Bakıda birinci iclası çərçivəsində bu ölkələrin parlamentlərində akkreditə olunan jurnalistlərin yığıncağı keçirilib. Jurnalistlər türkdilli ölkələrin parlament jurnalistlərinin assosiasiyasının yaradılması barədə qərara gəliblər.
"Biz mətbuata böyük diqqət yetiririk, lakin o, milli maraqlara tərəfdar, obyektiv olmalı və yalan informasiyadan qaçmalıdır", - tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıc deyib.
Səfirin sözlərinə görə, Azərbaycanda mətbuat fəal surətdə inkişaf edir. "Mətbautdakı çatışmazlıqlar dünyanın bütün ölkələrində var, lakin zaman ötdükcə hər şey yoluna düşəcək", - Kılıc qeyd edib.
"Azərbaycan-Türkiyə qardaşlığı öz-özlüyündə yeganədir", - səfir vurğulayıb.
Tədbir zamanı Türkiyə səfirliyi Azərbaycan KİV-in bəzi redaktorları, eləcə də Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədov, Azərbaycan Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli, Mətbuat Şurasının sədri Əflatun Amaşov, Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun sədri Nizami Cəfərova yubiley münasibətilə mükafatlar təqdim edib.