...

Azərbaycanda neftçilərin orta aylıq pensiya məbləği 320 manat təşkil edir - DSMF

Cəmiyyət Materials 20 Sentyabr 2010 13:00 (UTC +04:00)
Bu ilin 8 ayında ARDNŞ tərəfindən 67,3 milyon manat məcburi dövlət sosial sığorta haqqı ödənilib
Azərbaycanda neftçilərin orta aylıq pensiya məbləği 320 manat təşkil edir - DSMF

Azərbaycan, Bakı, 20 sentyabr /Trend, müxbir N.Novruzov/

Azərbaycanda neftçilərin orta aylıq pensiya məbləği hazırda 320 manat təşkil edir. Neft sənayesində çalışmış pensiyaçıların sayı isə 25 min nəfərə yaxındır, - bazar ertəsi Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İctimaiyyətlə əlaqə sektorunun yaydığı məlumatda bildirilir.

"Bu ilin 8 ayı ərzində ARDNŞ tərəfindən fonda neft sahəsində çalışan sığortaolunanlar üzrə, ümumilikdə, 67,3 milyon manat məcburi dövlət sosial sığorta haqqı ödənilib", - məlumatda deyilir.

2001-ci ildə ümummilli lider Heydər Əliyevin sərəncamı ilə 20 sentyabr Neftçilər günü elan edilib və bu tarix Azərbaycanda Neftçilər günü kimi qeyd olunur.

Məlumatda qeyd olunur ki, neft sənayesinin ağır əmək şəraiti olan sahələrində çalışanlar 5 il tez pensiyaya çıxmaq hüququ qazanırlar.

Məlumata görə, bu gün Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) ölkəmizdə qurulmuş yeni sığorta-pensiya sisteminin ən fəal iştirakçısıdır. Şirkət həm fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların sayına, həm də məcburi dövlət sosial sığorta haqqının ödənişinə görə ən böyük çəkiyə malikdir.

Xəbər lenti

Xəbər lenti