...

Azərbaycanda 8,2 milyon ədəd müxtəlif ağac və kol bitkisi əkilib

Cəmiyyət Materials 25 Oktyabr 2010 17:03 (UTC +04:00)
Azərbaycanda "Ekologiya ili" çərçivəsində Bakı və ətraf ərazilərdə əkilmiş müxtəlif ağac və kol bitkilərinin orta hesabla 73 faizdən artıq bitişi qeydə alınıb.
Azərbaycanda 8,2 milyon ədəd müxtəlif ağac və kol bitkisi əkilib

Azərbaycan, Bakı, 25 oktyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycanda "Ekologiya ili" çərçivəsində Bakı və ətraf ərazilərdə əkilmiş müxtəlif ağac və kol bitkilərinin orta hesabla 73 faizdən artıq bitişi qeydə alınıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bazar ertəsi yaydığı məlumata görə, bu, qurumun mütəxəssisləri tərəfindən həmin ərazilərdə yeni əkin mövsümünün əvvəlində, qızmar yay aylarından əkinlərin necə çıxması ilə əlaqədar bitiş vəziyyətinin araşdırılması zamanı məlum olub.

Məlumatda qeyd olunur ki, bu, Abşeron yarımadası və arid ərazilər üçün yüksək bitiş hesab olunur. Suvarma sistemlərinin quraşdırıldığı ərazilərdə isə bitiş 90-95 faizə çatır.

2009-cu ilin payızı və 2010-cu ilin yazında Azərbaycan ərazisində 8,2 milyon ədəd müxtəlif ağac və kol bitkisi əkilib ki, bunlardan 7161 min ədədi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeli qurumlarının əməkdaşları tərəfindən əlavə vəsait xərclənmədən, Nazirliyin daxili imkanları hesabına həyata keçirilib. O cümlədən 1005 min ədəd ağac və kol bitkisi Bakı şəhəri və ətraf ərazilərdə, 6156 min ədəd ağac və kol bitkisi isə respublikanın regionlarında əkilib.

Hazırda Nazirliyin mütəxəssisləri tərəfindən ölkənin kəndlərindəki ərazilərdə əkinlərin vəziyyətinin araşdırılması davam etdirilir.

Bundan başqa rayon İcra Hakimiyyətləri, müxtəlif Nazirliklər və digər təşkilatlar tərəfindən ümumilikdə 1066,6 min ədəd ağac və kol bitkisi əkilib ki, bundan 535,8 min ədədi Bakı şəhəri və ətraf ərazilərin, 530,8 min ədədi isə respublikanın regionlarının payına düşür.

Respublikanın müvafiq nazirlik və təşkilatları (Nəqliyyat Nazirliyi, Bakı şəhər İcra Hakimiyyəti, "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin yaşıllaşdırma idarərələri və s.) tərəfindən də "Ekologiya ili" ilə əlaqədar büdcə vəsaiti hesabına yaşıllıqlar salınıb.

Xəbər lenti

Xəbər lenti