Azərbaycan, Bakı, 24 fevral /Trend/
Qazaxıstanın Aktau şəhərində təhsil alan azərbaycanlı tələbələr "Xocalıya ədalət" kampaniyası çərçivəsində 23 fevral 2011-ci tarixində tədbir keçirmişlər. Bu barədə Azərbaycanın Aktau şəhərindəki Baş konsulluğunun mətbuat xidmətinin məlumatında bildirilir.
Azərbaycan Respublikasının Aktau şəhərindəki Baş konsulluğunun dəstəyi ilə keçirilmiş tədbirdə Manqistau vilayətində fəaliyyət göstərən azərbaycanlıların "Dostluq" milli-mədəni cəmiyyətinin rəhbərliyi, yerli kütləvi informasiya vasitələri nümayəndələri iştirak etmişlər.
Mərasim keçirilən zalda Xocalı soyqırımı faciəsini əks etdirən foto sərgi, Heydər Əliyev Fondu tərəfindən nəşr olunmuş "Qarabağ həqiqətləri" və ermənilərin azərbaycanlılara qarşı uzun illər boyu apardığı qanlı siyasətə həsr olunmuş kitablar nümayiş etdirilmişdir. Mərasim öncəsi tədbir iştirakçılarına tələbələr tərəfindən "Xocalıya ədalət" kompaniyasının loqosu ilə hazırlanmış döş nişanları paylanılmışdır.
Tədbirin əvvəlində "Xocalıya Ədalət" rep üslublu musiqi klipi nümayiş etdirilmiş və Xocalı soyqırımının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Daha sonra Azərbaycan Respublikasının Aktau şəhərindəki Baş konsulu Rəşad Məmmədov çıxış edərək, 19 il əvvəl Ermənistanın silahlı qüvvələri tərəfindən Xocalı şəhərində yaşayan azərbaycanlı dinc əhaliyə qarşı törədilmiş soyqırım haqqında geniş məlumat vermiş və ermənilərin 200 il ərzində xalqımıza qarşı apardığı soyqırım siyasətindən geniş danışmışdır.
R.Məmmədov, İslam Konfransı Təşkilatı (İKT) Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə baş koordinatoru, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə 2009-cu ilin fevralından "Xocalıya ədalət" kompaniyasının keçirilməsi haqqında məlumat verərək, Xocalı soyqırımının dünya ölkələri rəhbərləri və parlamentləri tərəfindən siyasi qiymət verilməsinin vacibliyini mərasim iştirakçılarının diqqətinə çatdırmışdır. Ermənistan-Azərbaycan Dağlıq Qarabaq münaqişəsinin həlli ilə bağlı Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən tədbirlər haqqında danışaraq, Ermənistan tərəfinin münaqişənin həllində qeyri-konstruktiv mövqe tutduğunu tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.
Tədbirə toplaşan tələbələr adından Ş.Y.Yesenov adına Kaspi Dövlət Texnologiya və Mühəndislik Universitetinin Beynəlxalq münasibətlər fakültəsinin III kurs tələbəsi Əli Əlabbasov, Manqistau vilayət Turizm kollecinin III kurs tələbəsi İndiana Musayeva və digərləri çıxışlar edərək, ermənilər tərəfindən Xocalı şəhərində yaşayan dinc əhaliyə qarşı həyata keçirilmiş soyqırımı insanlığa qarşı törədilmiş bir cinayət olduğunu və bu faciə haqqında beynəlxalq ictimaiyyətə, o cümlədən Qazaxıstan gəncləri arasında düzgün və ətraflı məlumatların çatdırılmasının vacibliyini vurğulamışlar.
Çıxışlardan sonra tədbir iştirakçılarına www.justiceforkhocaly.org. saytı haqqında məlumat verilmiş və Xocalı faciəsi ilə bağlı sənədli film nümayiş etdirilmişdir.
Sonra tələbər tərəfindən bütün dünyada aparılan "Xocalıya Ədalət" kompaniyasına dəstək məqsədi ilə Qazaxıstanın Qərb bölgələrində əlaqələndirmə qrupunun yaradılması qərara alınmış və əlaqələndirmə qrupuna Ş.Y.Yesenov adına Kaspi Dövlət Texnologiya və Mühəndislik Universitetinin beynəlxalq münasibətlər fakültəsinin III kurs tələbəsi Əli Əlabbasov rəhbər təyin edilmişdir.
Qrupun fəaliyyət istiqamətləri müəyyənləşdirilərək, Xocalı soyqırımı haqqında daha geniş məlumatların Qazaxıstan ictimaiyyətinə çatdırılması və "Xocalıya Ədalət" kompaniyası çərçivəsində beynəlxalq təşkilatların rəhbərlərinə, dünyanın aparıcı ölkələrinin dövlət başçılarına və parlamentlərinə Xocalı faciəsinin insanlığa qarşı çinayət kimi tanınması haqqında müraciətə imza toplanılmasına başlanılmışdır.