...

Azərbaycanın millət vəkili Gürcüstanda keçirilən Novruz şənliklərində iştirak edib

Cəmiyyət Materials 24 Mart 2011 12:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 mart /Trend/

Azərbaycanın millət vəkili Gürcüstanda keçirilən Novruz şənliklərində iştirak edib.

Trend-in məlumatına görə, Milli Məclisin üzvü, Azərbaycan-Gürcüstan parlamentlərarası dostluq qrupunun rəhbəri Qənirə Paşayeva Gürcüstanın azərbaycanlıların kompakt yaşadığı Bolnisi rayonunun Faxralı kəndində keçirilən Novruz şənliklərində iştirak edib. Deputat kənd sakinlərini Novruz bayramı münasibətilə təbrik edib, onlara əmin-amanlıq, xoş gələcək arzulayıb. Məktəb şagirdləri konsert proqramı ilə çıxış edib. Azərbaycanın Əməkdar artisti Tünzalə Ağayeva mahnıları ilə tədbir iştirakçılarını sevindirib. Axşam isə Faxralının füsunkar yeri olan Gözəl dağında bayram tonqalları yandırılıb.

"Arzu edirəm ki, həmişə Gözəl dağının zirvəsində Novruz tonqalları yansın. Millətimizə arzulayıram ki, gələn il bu bayram tonqallarını işğaldan azad etdiyimiz Qarabağmızda və Qarabağ ətrafı rayonlarımızda yandıraq. Harada yaşamasından asılı olmayaraq, bütün azərbaycanlıların ən böyük arzusu budur və o gün uzaqda deyil. Düşünürük ki, dost Gürcüstanın və Azərbaycanın ərazi bütövlüyü bərqərar olacaq və xalqlarımız bu bayramları da birgə qeyd edəcəklər ", - Paşayeva deyib.

Millət vəkili Azərbaycan dövlətinin Gürcüstanda yaşayan soydaşlarımızı daim düşündüyünü qeyd edib və onlara dəstək istiqamətində həyata keçirilən tədbirlərdən danışıb.

Xəbər lenti

Xəbər lenti