...

Azərbaycanda çaylarda daşqınların qarşısının alınması üzrə tədbirlərə başlanıb

Cəmiyyət Materials 29 Mart 2011 12:15 (UTC +04:00)
Azərbaycanda çaylarda daşqınların qarşısının alınması istiqamətində tədbirlərə başlanıb.
Azərbaycanda çaylarda daşqınların qarşısının alınması üzrə tədbirlərə başlanıb

Azərbaycan, Bakı, 29 mart /Trend, müxbir M.Əliyev/

Azərbaycanda çaylarda daşqınların qarşısının alınması istiqamətində tədbirlərə başlanıb.

Azərbaycan "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin Suvarma sistemləri bölməsinin müdiri
Əjdər Cavadov çərşənbə axşamı Trend-ə bildirib ki, hazırda çaylarda sululuq səviyyəsinin təhlükəli həddə olmadığına baxmayaraq, bütün çaylarda nəzərdə tutulan tədbirlər yerinə yetirilir.

"Kür çayının 277 kilometrlik hissəsində bəndlərin möhkəmləndirilməsinə artıq başlanılıb və hazırda intensiv iş gedir", - Cavadov bildirib.

"Meliorasiya və Su Təsərrüfatı" ASC-nin bölmə müdiri bildirib ki, dağətəyi çaylarda isə məcratəmizləmə, mühafizə bəndlərinin təmiri işləri həyata keçirilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Azərbaycanda son günlər temperaturun yüksəlməsi və alçaq dağlıq ərazilərdə qarın tədricən əriməsi nəticəsində dağ çaylarında sululuğun artımı müşahidə olunur.

Hazırda Balakən-Şəki, Quba-Xaçmaz, Lənkəran-Astara bölgələrində çayların sululuğu ongünlük normadan iki dəfəyədək çoxdur, Kiçik Qafqazın çaylarında isə ongünlük normanın 90-135 faizini təşkil edir.

Ötən ilin yaz aylarında yağan aramsız yağışlar nəticəsində Azərbaycanın qırx rayonunun ərazisində subasma halları baş vermişdi, 20 minə yaxın ev, 50 min hektardan çox əkin və örüş sahələri su altında qalmışdı, 300-dən çox ev uçmuşdu, 2 minə qədər ev qəzalı vəziyyətə düşmüşdü, çoxsaylı infrastruktur və digər sosial təyinatlı obyektlər sıradan çıxmışdı.

Xəbər lenti

Xəbər lenti