...

Azərbaycan hökuməti qızıl və gümüş medalların təsvirinin təsdiq edilməsi haqqında qərar verib

Cəmiyyət Materials 15 Aprel 2011 16:16 (UTC +04:00)
Azərbaycan hökuməti "Təhsildə xüsusi nailiyyətlərə görə" qızıl və gümüş medalların təsviri"nin təsdiq edilməsi haqqında qərar qəbul edib.
Azərbaycan hökuməti qızıl və gümüş medalların təsvirinin təsdiq edilməsi haqqında qərar verib

Azərbaycan, Bakı, 15 aprel /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan hökuməti "Təhsildə xüsusi nailiyyətlərə görə" qızıl və gümüş medalların təsviri"nin təsdiq edilməsi haqqında qərar qəbul edib. Trend-in məlumatına görə, bu barədə Nazirlər Kabinetinin internet saytı xəbər verir.

Qərarda qeyd olunur ki, ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların təltif olunması üçün qızıl və gümüş medallar diametri 40 mm, qalınlığı 3 mm olan lövhə şəklində hazırlanır.

Medalların üz tərəfində Azərbaycanın Dövlət gerbi, gerbdən yuxarıda "Azərbaycan Respublikası" sözləri simmetrik yerləşdirilməklə həkk olunur.

Medalların arxa tərəfində çevrə daxilində qövsvarı kəsikdən başlanan günəş şüaları fonunda açıq vəziyyətdə olan kitabın qövsvarı kəsiklə daxili çevrə arasındakı hissədə aypara və səkkizguşəli ulduzun təsviri, yuxarı hissədə iki çevrə arasında saat əqrəbi istiqamətində "Təhsildə xüsusi nailiyyətlərə görə" sözləri həkk edilir. Bütün yazılar və təsvirlər qabarıqdır.

Qızıl medalın yan səthində çevrə boyunca böyük çap hərfi ilə QIZIL MEDAL, gümüş medalın yan səthində GÜMÜŞ MEDAL sözləri nəqş olunur.

Medallar bürünc metaldan hazırlanır. Qızıl medalın səthinə qızıl, gümüş medalın səthinə gümüş suyu çəkilir.

Qərarla Təhsil Nazirliyi və Maliyyə Nazirliyinə bu qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Xəbər lenti

Xəbər lenti