...

Məhkəmə aparatı işçilərinin əmək haqları artırıla bilər

Cəmiyyət Materials 23 May 2011 12:15 (UTC +04:00)
Milli Məclisdə məhkəmə aparatı işçilərinin əmək haqlarının artırılması ilə bağlı məsələ qaldırılacaq.
Məhkəmə aparatı işçilərinin əmək haqları artırıla bilər

Azərbaycan, Bakı, 23 may /Trend, müxbir K.Zərbalıyeva/

Milli Məclisdə məhkəmə aparatı işçilərinin əmək haqlarının artırılması ilə bağlı məsələ qaldırılacaq.

Məhkəmə-Hüquq Şurasının üzvü, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Trend-ə bildirib ki, məhkəmə iclas katiblərinin və hakim köməkçilərinin kifayət qədər ağır iş yükü var, lakin bunun müqabilində aşağı əmək haqqı alırlar.

Hüseynlinin sözlərinə görə, rayon, şəhər məhkəmələrinin iclas katibləri və hakim köməkçiləri digər birinci instansiya məhkəməsinin iclas katibləri və hakim köməkçilərindən fərqli təsnifata daxil ediliblər və fərqli əmək haqqı alırlar.

"Məhkəmə aparatı əməkdaşlarının əmək haqlarının artırılması barədə mütləq düşünmək lazımdır. Bu, həm məhkəmə hakimiyyətinin işinin keyfiyyətinə müsbət təsir göstərər, həm də həyata keçirilən korrupsiyaya qarşı mübarizə tədbirlərinin tərkib hissəsi olar", - komitə sədri vurğulayıb.

Hüseynli qanunvericiliyə bununla bağlı müvafiq dəyişikliklərin edilməsi təklifi irəli sürəcəyini deyib.

Rayon, şəhər məhkəmələri 7-ci kateqoriya, birinci instansiya məhkəmələrindən olan Ağır Cinayətlərə Dair İşlər üzrə məhkəmələr, iqtisadi məhkəmələr, hərbi məhkəmələr isə 5-ci kateqoriya dövlət orqanları sırasına daxil edilib. Həmin məhkəmələrin aparat işçiləri də dövlət qulluqçularının təsnifatında fərqli yer tutublar.

Xəbər lenti

Xəbər lenti