...

Azərbaycanda media və cəmiyyət münasibətləri layihəsi çərçivəsində növbəti tədbir keçirilibm (FOTO)

Cəmiyyət Materials 26 May 2011 15:47 (UTC +04:00)
Azərbaycanda media və cəmiyyət münasibətləri layihəsi çərçivəsində növbəti tədbir keçirilib.
Azərbaycanda media və cəmiyyət münasibətləri layihəsi çərçivəsində növbəti tədbir keçirilibm (FOTO)

Azərbaycan, Bakı, 26 may /Trend, müxbir T.Hacıyev/

Azərbaycanda media və cəmiyyət münasibətləri layihəsi çərçivəsində növbəti tədbir keçirilib. Trend-in məlumatına görə, cümə axşamı Bakının Nizami rayonu İcra Hakimiyyətində keçirilən tədbirdən öncə tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin büstünü ziyarət edərək onun xatirəsini ehtiramla yad ediblər. Tədbirdə Nizami rayon icra başçısı Tahir Budaqov, Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərli, Mətbuat Şurasının sədri Əflatun Amaşov, media qurumlarının rəhbərləri və Nizami rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Nizami rayonunun icra başçısı son dövrlər Azərbaycanda aparılan abadlıq və quruculuq işlərindən bəhs edib.

Budaqov Azərbaycanda mətbuatın vəziyyətindən də danışıb. Qeyd edib ki, ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə ikinci dəfə Azərbaycanda hakimiyyətə gəlişindən sonra ölkədə müstəqil mətbuatın inkişafı üçün zəmin yaranıb. Belə ki, məhz ulu öndərin rəhbərliyi dövründə Azərbaycanda senzura ləğv olunub və azad mətbuatın inkişafı üçün geniş imkanlar açılıb.

Onun sözlərinə görə, media dünyada baş verən proseslərdə önəmli rol oynayır, ona görə də Azərbaycanda medianın inkişafı önəmli məsələdir.

Vüqar Səfərli deyib ki, Azərbaycan demokratik dövlətdir və burada mətbuatın xüsusi rolu var.

"Azərbaycan dövləti yaranmamışdan öncə də Azərbaycanda mətbuat olub. Bu gün Azərbaycanda ictimai rəyin formalaşmasında mətbuatın böyük rolu var", - Səfərli əlavə edib.

O bildirib ki, müstəqilliyin bərpa edildiyi ilk illərdə müstəqil mətbuat formalaşmağa başlasa da, həmin dövrdə müstəqil mətbuatın inkişafı üçün əngəllər mövcud idi.

"Həmin dövrdə müstəqil mətbuat təsis etmək də çətin idi. Çünki həmin dövrdə Mətbuat Nazirliyi var idi və hər hansı qəzeti qeydiyyata almaq üçün bir çox bürokratik əngəllər yaranırdı. Bundan əlavə, mətbuatın üzərində senzura da var idi. Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə senzura ləğv edildikdən sonra əsl müstəqil mətbuat formalaşmağa başlayıb", - Səfərli bildirib.

O, KİVDF-nin fəaliyyəti haqqında da tədbir iştirakçılarına məlumat verib. Qeyd edib ki, hazırda jurnalistlər üçün müxtəlif müsabiqələr, redaksiyalar üçün layihələr həyata keçirilir.

Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, mətbuat ictimai şüuru, xalqların özünüdərk şüurunu formalaşdırır.

Amaşov Azərbaycan xalq cümhuriyyəti dövründə mətbuatın vəziyyəti ilə bağlı məruzə ilə çıxış edib. Qeyd edib ki, qısa zamanda Azərbaycanda çap olunan qəzetlərin sayı 210-a çatıb. Bu qəzetlərin hər biri Azərbaycanda ictimai şüurun formalaşmasında mühüm rol oynayıb.

MŞ sədri Azərbaycanda mətbuatla cəmiyyət arasındakı münasibətlərin sıx olduğunu da vurğulayıb.

Millət vəkili Rasim Musabəyov mətbuatın cəmiyyətin inkişafında oynadığı mühüm roldan söz açıb. O, uzun müddət mətbuatla bağlı insan olduğunu xatırladıb, hazırda millət vəkili olmasına baxmayaraq, hələ də mətbuatla sıx əlaqələrinin olduğunu deyib.

Daha sonra tədbir qarşılıqlı dialoq şəklində davam edib. Nizami rayon ictimaiyyəti nümayəndələrinin suallarını "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu və digər media qurumlarının rəhbərləri cavablandırıblar.

Xəbər lenti

Xəbər lenti